19.03.2018
Baş Zəyzid kənd sənətkarlıq evində 19 mat 2018-ci il tarixdə Beynəlxalq Novruz bayramı münasibəti ilə “Xoş gəlmisən bahar, ay bahar“ adlı ədəbi-bədii axşam keçirilmişdir. Tədbirdə Baş Zəyzid kənd İƏD üzrə nümayəndənin müavini Elşad Novruzov, Baş Zəyzid Bələdiyyəsinin sədri Kamil Məcidov, Baş Zəyzid tam orta məktəbin dərs hissə müdiri Nəzir Həbillayev, sənətkarlıq evinin, MKS-nin işçiləri və kənd sakinləri iştirak edirdilər. Tədbiri sənətkarlıq evinin direktoru Mahmudov Xanlar açdı və ilk sözü Baş zəyzid kənd tam orta məktəbin tarix müəllimi Adil İsrafilova verdi. Adil müəllim öz çıxışında vurğuladı ki, fevralın 23-də BMT Baş Məclisinin 64-cü sessiyasında "Sülh mədəniyyəti" adlı 49-cu bəndə müvafiq olaraq Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş "Beynəlxalq Novruz Günü" adlı qətnamə layihəsinin Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev tərəfindən təqdimatı keçirilmişdir. Qətnamə yekdilliklə qəbul edilmiş, BMT martın 21-ni Beynəlxalq Novruz Günü elan etmişdir. İƏD-nin müavini Elşad Novruzov da öz çıxışında xüsusi ilə qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin bərpası və qorunub saxlanması sahəsində ardıcıl olaraq dövlət siyasətini formalaşdıraraq qədim bayramımızı bərpa etmiş və ümummilli bayram statusu vermişdir. Məhz bundan sonra Novruz bayramı xalq arasında daha geniş qeyd edilməyə başladı, azərbaycançılıq ideologiyası baxımından yüksək dəyərləndirildi. MKS-nin 49 saylı filialının müdiri Zamiq Abbasov çıxışında bildi ki, Ümummilli lider Heydər Əliyevin də Novruz şənliklərində iştirakı xalqın böyük sevincinə səbəb oldu. Novruzun üzərindən bütün qadağalar götürüldü, bayramın həyatında yeni bir mərhələ başladı. Heydər Əliyev siyasətini Prezident İlham Əliyevin uğurla inkişaf etdirməsi də öz bəhrəsini verdi. Azərbaycanın zəngin mədəni dəyərlərini qlobal dünyaya tam və bütöv şəkildə təqdim etmək sahəsində daha böyük uğurlara imza atıldı. Sonra tədbir iştirakçıları sənətkarlıq evinin özfəaliyyət kollektivi və məktəb şagirdləri ilə birgə hazırladıqlar ədəbi-bədii proqrama tamaşa etdilər. Milli geyimli qızlar Novruza aidb bayatılar, şeirlər söyləmiş, tədbir iştirakçılarını bayram şirniyyatı olan şəkərburaya, paxlavaya və bəzənmiş yumurtaya qonaq etmişlər. Sonda kəndin cavanları Novruzun simvolu olan tonqalı qalanmış və ətrafında yallı rəqsini ifa etmişlər.