20.03.2018
Martın 20-də Zaqatala şəhərinin “Zaqatala qalası”nın ərazisindəki geniş meydanda Novruz bayramı ilə əlaqədar ümumxalq şənliyi keçirilib. Bayram tədbirində zaqatalalılar və şəhərin qonaqları iştirak edib.
Dədə Qorqudun tədbir iştirakçılarına Novruz təbrikindən sonra meydanda qurulan bayram tonqalı alovlandırılıb.
Sonra rayon rəhbərliyi və qonaqlar meydanda təşkil edilən xalq tətbiqi sənəti nümunələrindən ibarət sərgilərə, yun darayan, ip əyirən, xalça toxuyan xanımların əl işlərinə baxıb, kəndirbazların, pəhləvanların çıxışlarını izləyib, ayrı-ayrı kəndlərin milli mətbəx və folklor nümunələri ilə tanış olublar.
Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə zaqatalalıları xalqımızın qədim el bayramı olan Novruz münasibətilə təbrik edib, həmvətənlərimizə sevinc dolu günlər, bolluq, bərəkət arzulayıb. Bildirilib ki, Novruz bayramının əsl el şənliyi kimi dövlət səviyyəsində qeyd olunması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət və qayğı göstərir. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə hazırda Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında yer alır.
Milli geyimli oğlan və qızlar əllərində Novruz xonçaları şənlik iştirakçılarına bayram sovqatı paylayıb, Kosa və Keçəl məzəli oyunları, dadlı-duzlu zarafatları ilə hamıya xoş ovqat bəxş ediblər.
Bayram tədbiri rayonun bədii-özfəaliyyət kollektivlərinin rəngarəng konsert proqramı ilə davam edib.