16.03.2018
16 mart 2018 – cı il tarixində saat 11.00 da Şəki şəhər R.B.Əfəndiyevin ev muzeyində və MKS-nin R.B.Əfəndiyev adına 4 nömrəli kitabxana filialı ilə birlikdə Novruz bayramı münasibətilə “Sözlü nəğməli Novruz” başlıqlı ədəbi – bədii gecə keçirildi.
Gecədə muzeyin və kitabxananın kollektivi ilə birlikdə 3 nömrəli məktəbin şagirdləri iştirak edirdilər.Gecəni muzeyin direktoru Vəfa Qasımzadə açdı və Novruzun gəlişi ilə bağlı məlumat verdi: Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.
Sonra söz kitabxananın böyük kitabxanaçısı Kəmalə Yusubovaya verildi. Kəmalə mövzu haqqında çıxış etdi: Novruzun qeyd edilməsi də yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir. Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Novruz bayramının mənşəyi qədimdir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Bəzi qədim inanclara görə, kainat 4 ünsürdən — su, od, torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən də hər il Novruz bayramından əvvəl 4 çərşənbə qeyd olunur.
Sonda söz kitabxananın fəal oxucularına verildi. Oxucular novruz haqqında şerlər, bayatılar söylədilər və novruzun simvolu olan yumurta döyüşdürdülər.