15.07.2020
Zaqatala rayon Heydər Əliyev Mərkəzi və rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 51 – ci ildönümü ilə bağlı “Zirvəyə yüksəlişin başlandığı gün” mövzusunda videokonfrans keçirilib.
Videokonfransda bildirilib ki, Azərbaycanın siyasi həyatı və bütövlükdə cəmiyyətimiz Ulu Öndərin böyük səyləri nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanın müasir tarixinin bütöv bir mərhələsi, eləcə də müstəqil dövlətimizin inkişafı məhz Ümummilli liderin adı və fəaliyyəti ilə bağlıdır. Heydər Əliyev öz dərin zəkası, liderlik xarizması, milli ideallara, adət-ənənələrə möhkəm bağlılığı, zəngin idarəçilik keyfiyyətləri ilə ölkəmizin gələcək inkişafı üçün möhkəm zəmin yaradıb.
Videokonfrans zamanı dinlənilən məruzə və çıxışlarda dahi rəhbərin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi yolunda tarixi xidmətlərindən, onun respublikamıza rəhbərlik etdiyi dövrlərdə ölkəmizin qazandığı uğurlardan geniş bəhs edilib. Bildirilib ki, məhz 1969-cu ilin 14 iyulundan qüdrətli dövlətin, milli intibahın, sosial tərəqqinin, mənəvi yüksəlişin əsası müəyyənləşdirilib. Ulu Öndərin siyasi hakimiyyətdə olduğu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələrini təşkil edib və Ulu Öndərin uzaqgörən dünyəvi dövlət quruculuğu və milli inkişaf konsepsiyasının 2003-cü ildən yeni dövrün lideri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə hazırda Azərbaycan beynəlxalq arenada suveren və milli maraqlara əsaslanan siyasət yürüdən güclü dövlətdir.