24.06.2020
Oğuzda Rayon İcra Hakimiyyətinin və Oğuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə 26 İyun-Silahlı Qüvvələr Gününə həsr olunmuş "Ordum varsa, yurdum var" adlı videokonfrans keçirilib. Konfransda Oğuz Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Cavid Həmidov, MKS-nin əməkdaşları, Mərkəzi kitabxananın və Uşaq şöbəsinin fəal oxucuları iştirak ediblər.
Konfransı Mərkəzi Kitabxananın Uşaq şöbəsinin müdiri Kəmalə Cəfərova açaraq, bu əlamətdar gün barədə ətraflı məlumat verib. Sonra Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Milli Ordu quruculuğu sahəsində tarixi xidmətlərindən danışıb, dahi rəhbərin başladığı işlərin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Daha sonra MKS-nin Uşaq şöbəsinin biblioqrafı Təranə İsayeva əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələrinin müasir dövrdə də qorunub saxlanılmasından, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrdə quruculuq sahəsində aparılan işlərdən söhbət açıb.
Tədbirin sonunda Uşaq şöbəsinin fəal oxucusu Novruz Abdullayev Nəriman Həsənzadənin "Müdafiə edim səni" şeirini səsləndirib.