Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuzda “Mənim hüquqlarım məni qoruyur” mövzusunda videokonfrans keçirilmişdir

10.06.2020

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Həmin sərəncamın imzalanmasından artıq 13 il keçir. Hər il Ombudsmanın təşəbbüsü ilə respublikamızda “İnsan Hüquqları Aylığı” çərçivəsində çoxsaylı maarifləndirici tədbirlər həyata keçirilir. 

İyunun 9-da Oğuz rayon İcra Hakimiyyətinin və Oğuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  birgə təşkilatçılığı ilə "Mənim hüquqlarım məni qoruyur" mövzusunda videokonfrans keçirilmişdir. Konfransda Oğuz rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Sənan Əliyev,  Oğuz rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə məsləhətçi psixoloqu Nicat Kərimov, YAP Oğuz rayon təşkilatının, Heydər Əliyev Mərkəzinin, Oğuz rayon Gənclər və İdman İdarəsinin nümayəndələri eyni zamanda fəal gənclər və Mərkəzi kitabxananın oxucuları iştirak ediblər.

Oğuz rayon Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin müdürü Nəzakət Qasımova videokonfransı giriş sözü ilə açaraq, keçirilən maarifləndirici tədbirin əhəmiyyətindən danışdı və çıxış üçün sözü Oğuz rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Sənan Əliyevə verdi. O çıxışında Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqları haqqında tədbir iştirakçılarına geniş məlumat verərək, rayonumuzda bu sahədə həyata keçirilən tədbirlərin önəmini diqqətə çatdırıb. Qeyd edilib ki, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamız ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulub. Azərbaycan Respublikasının insan hüquqları ilə bağlı beynəlxalq sazişlərə qoşulması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və digər məsələlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir.

Daha sonra tədbirdə Oğuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova cıxış edərək bildirib ki, İnsan hüquqlarının müəyyənləşdirilməsi, onun həyata keçirilmə mexanizmlərinin tapılması və reallaşdırılması müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, həmçinin insan hüquq və azadlıqlarının təmini sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmiş, qanunvericiliyin formalaşdırılması prosesinə başlanılmış, 1998-ci il iyun ayının 18-də Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında ilk dövlət proqramı qəbul edilmişdir. 

Videokonfrans YAP Oğuz rayon təşkilatının nümayəndəsi Elşən Alcanovun çıxışı ilə davam edib. Bildirilib ki, hal-hazırda müstəqil Azərbaycan görkəmli dövlət xadimi, Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə uğurla inkişaf edir. Azərbaycanda aparılan hüquqi islahatlar da ölkəmizin regional lider imicinə uyğun şəkildə mühüm tərəqqiyə nail olur. Bütün bu nailiyyətlərin təməlində isə gələcəyə yönələn hüquqi “çərçivə” və ya “layihə” potensialı yüksək olan 1995-ci ilin “Heydər Əliyev Konstitusiyası” dayanır və hələ uzun illər boyu uğurla dayanacaqdır.

Tədbirin sonunda Oğuzlu yazar, Mərkəzi kitabxananın fəal oxucusu Şükufə Ruhlu özünün yazdığı "İnsan hüquqları, insan haqları" şeirini sələndirib.