03.06.2020
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Həmin sərəncamın imzalanmasından artıq 13 il keçir. Hər il may ayının 18-dən iyun ayının 18-dək Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili tərəfindən İnsan hüquqları aylığı keçirilir. Bu münasibətlə Ombudsmanın Şəki Regional Nümayəndəliyinin təşəbbüsü ilə 02 iyun 2020-ci il tarixində Oğuz rayon İcra Hakimiyyətinin, Gənclər və İdman idarəsinin, Oğuz Təhsil şöbəsinin, YAP Oğuz rayon təşkilatının, Heydər Əliyev Mərkəzinin, Mərkəzi Kitabxananın əməkdaşlarının iştirakı ilə birgə videokonfrans təşkil edilib.
Videokonfransda çıxış edən Ombudsmanın Şəki Regional Nümayəndəliyinin rəhbəri Pərviz Məmmədov İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində ölkəmizdə aparılan işlərdən danışıb. O qeyd edib ki, hüquqi, demokratik və vətəndaş cəmiyyətli dövlət quruculuğunda inamlı və qətiyyətli addımlarını atan müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş ilk milli Konstitusiyamızda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan edilir.
Konstitusiyanın qəbul olunması siyasi sistemin müasirləşdirilməsi və demokratik institutların formalaşdırılması üçün zəmin yaratdı. Müxtəlif illərdə referendum yolu ilə Konstitusiyaya bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunmasına, vətəndaşların həyat səviyyəsinin təmin edilməsinə, demokratiyanın genişlənməsinə və inkişafına yönəlmişdir. Demokratik, hüquqi dövlətin, qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsaslarının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 27 dekabr 2011-ci il tarixdə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" qəbul olunub.
Videokonfransda Oğuz Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova çıxış edərək bildirib ki, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" Ulu Öndərimiz tərəfindən təməli qoyulmuş insan hüquqları sahəsində strategiyanın məntiqi davamı və dövlətin növbəti siyasi iradəsi olmaqla, insan və vətəndaş hüquqlarının hərtərəfli həyata keçirilməsinə, onların icra mexanizmlərinin təkmilləşdirilməsinə zəmanət verir.