Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən şəhərində Xəmsə Milli İntellektual Oyunu üzrə Gənclər arasında IX Azərbaycan Çempionatının final mərhələsi keçirildi

10.05.2017

5-7 may 2017-ci il tarixlərdə Balakən şəhərində keçirilən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə layihəsi olan "Xəmsə" Milli İntellektual Oyunu üzrə Gənclər arasında IX Azərbaycan Çempionatının final mərhələsinə yekun vuruldu. 
             Balakən şəhər Mədəniyyət Evində keçirilən oyunların rəsmi açılış mərasimində Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək qonaqları salamlayıb, belə böyük intellektual oyunun Balakən şəhərində keçirilməsindən məmnunluğunu bildirdi. Sonra Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva "Xəmsə" Milli İntellektual Oyununun keçirildiyi 10 il ərzində ətrafında geniş intellektual gənclər ordusunu toplamasından danışaraq, bu gənclərin ölkəmizin gələcəyində böyük rolunun olacağından əminliyini ifadə etdi. 
             Rəsmi açılış mərasimindən sonra püşkatma mərasimi keçirilərək 22 rayon və şəhəri təmsil edən 32 finalçı komandanın hansı qruplarda mübarizə aparacağı dəqiqləşərək gərgin mübarizəyə start verildi.
             Oyunların yekun nəticələrinə əsasən Sumqayıt şəhərini təmsil edən “Eldorado” komandası “Xəmsə” Milli İntellektual Oyunu üzrə IX Azərbaycan Çempionatının qalibi adına layiq görüldü. Abşeron rayonunun “Prometey” II yer, Cəbrayıl rayonunun “Lələtəpə” III yer və Beyləqan rayonunun “Mil” komandaları IV yer tutdular.
             Sonda qaliblər kubok, medal və diplomlarla mükafatlandırılaraq “Xəmsə” Milli İntellektual oyunu üzrə IX Azərbaycan Çempionatına yekun vuruldu.
             Xatırladaq ki, “Xəmsə” Milli İntellektual Oyunu üzrə IX Azərbaycan Çempionatı 3 mərhələdən ibarətdir. İlkin mərhələ rayon daxili oyunlardır. Belə ki, hər bir rayonda qalib olan komandalar 2-ci mərhələyə, Zona mərhələlərinə vəsiqə qazanır. Zona mərhələləri (ümumilikdə 10 məntəqədə) 22 aprel 2017-ci il tarixdə Bakı və Sumqayıt şəhərləri, Qəbələ, Göygöl, Şabran, Masallı, Tərtər, İmişli və Ucar rayonlarında və 27 aprel 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında keçirilmiş və ümumilikdə “Xəmsə” Milli İntellektual Oyunu üzrə IX Azərbaycan Çempionatında 6000-dən çox gənc iştirak etmişdir.