Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki Regional Mədəniyyət İdarəsinin rəhbərliyi müharibə veteranlarını ziyarət edib

08.05.2020

Mayın 7-də Şəkidə faşizm üzərində Qələbənin 75-cü ildönümü münasibətilə 1941-1945-ci illər Böyük Vətən müharibəsinin iştirakçıları ilə görüş təşkil olunub.

Şəki Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə veteranların hər birinin öz evində keçirilmiş görüşlərdə idarənin rəisi Mirvari Zeynalova, Şəki veteran təşkilatının sədr müavini Vaqif Əhmədov, Şəki 2 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Tərlan Məmmədov, məktəbin şagirdlərindən Hüsniyə Hacıyeva, Ayxan Yaqubzadə və veteranların ailə üzvləri iştirak ediblər.

Şəki Regional Mədəniyyət İdarəsinin kollektivi adından veteranları salamlayan M. Zeynalova tarixi Qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsinin olmasını, yüz minlərlə həmvətənlimizin canlarından keçməsini, milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazmasını, veteranların döyüşlərdə, o cümlədən arxa cəbhədə qəhrəmanlıq və böyük fədakarlıq göstərmələrini xüsusi vurğulayıb. İdarə rəisi veteranlarımızın bu gün də müstəqil Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etdiklərini yüksək qiymətləndirib. Bildirilib ki, ulu öndər Heydər Əliyev tərəfindən bu bayrama xüsusi önəm verilməsi və həmin ənənənin bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən davam etdirilməsi xalqımızın tarixi qəhrəmanlığına verilən qiymətin göstəricisidir.

Vateranlarla ayrı-ayrılıqda keçirilən görüşlərin hər birində Şəki 2 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərindən Ayxan Yaqubzadənin səsləndirdiyi saz havaları, Hüsniyə Hacıyevanın ifa etdiyi şeirlər və müharibəyə həsr olunmuş mahnılar veteranlara xoş əhval-ruhiyə bəxş edib.

Sonra Böyük Vətən Müharibəsi Veteranlarına kollektiv adından bayram sovqatları təqdim olunub.

Şəki rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Vaqif Əhmədov, İkinci Dünya müharibəsinin veteranları Müzəffər Cabbarov, Hacı Babayev, Zahid Paşayev, Şahverdi Əhmədov və Süleyman Tağıyev çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və mədəniyyət işçilərinə minnətdarlıqlarını bildirib, işğal altındakı torpaqlarımızın azad olunacağına və Azərbaycan Ordusunun parlaq qələbəsinə qəti inamlarını ifadə ediblər.