19.04.2020
Aprel ayının 19-da XX əsr Azərbaycan nəsrində və publisistikasında özünəməxsus yeri olan Azərbaycan yazıçısı, Azərbaycan Əməkdar Mədəniyyət İşçisi Xalidə Hasilovanın anadan olmasının 100 ili tamam olur.
“#Evdəqal” devizi altında Şəki Regional Mədəniyyət İdarəsinin başlatdığı “#Evdəmədəniyyətimiziyaşadaq” layihəsinə qoşulan Şəki MKS-nin şöbə müdiri Arifə Rzayeva və MKS-nin 49 saylı kitabxana filialının müdiri Zamiq Abbasov görkəmli yazıçının 100 illik yubileyi ilə bağlı ayrı-ayrılıqda videoçarxlar hazırlayaraq, sosial şəbəkə izləyicilərinə təqdim ediblər.
Təqdimatlarda qeyd olunub ki, Azərbaycanın qadın yazarları arasında özünəməxsus uğurlu və məhsuldar yaradıcılıq yolu ilə keçmiş Xalidə Hasilova 1920-ci ildə Azərbaycanın dilbər guşələrindən biri olan Zaqatalada dünyaya gəlib. Xalidə xanım orta məktəbi bitirdikdən sonra Leninqrad Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. Müxtəlif illərdə «Azərbaycan qadını» jurnalında ədəbi işçi (1952-1953), «Göyərçin» jurnalının baş redaktoru (1966-1972), uzun illər isə «Azərbaycan qadını» jurnalının baş redaktoru kimi çalışmışdır. Azərbaycan qadınlarının həyatından bəhs edən «Hamı doğmadır mənə», «İnsan ömrü bir nəğmədir» pyeslərini yazmışdır.
Maraqlı nəsr əsərlərinin müəllifi kimi tanınan yazıçı bir sıra nəzəri məqalələrin də müəllifidir ki, onların əksəriyyəti uşaq ədəbiyyatı problemlərilə əlaqədardır. Bunlardan "Uşaq ədəbiyyatında ədəbi tənqid haqqında" "Gözəl duyğular", "Uşaqlara yüksək keyfiyyətli əsərlər verək", "Ədəbiyyat və tərbiyə" və s. göstərmək olar.