14.04.2020
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində olan müəssisələr fəaliyyətlərini müasir informasiya texnologiyalarından (İKT) istifadə etməklə onlayn qaydada davam etdirir.
Azertag.az, Modern.az və Türküstan.info xəbər verir ki, Regional İdarənin rəisi Mirvari Zeynalovanın mədəniyyət müəssisələrinin rəhbərləri ilə keçirdiyi videokonfransda əvvəlcə Mədəniyyət naziri Əbülfəs Qarayevin xüsusi karantin rejimi dövründə mədəniyyət müəssisələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi ilə bağlı verdiyi tapşırıqların yerinə yetirilməsinin vacibliyi iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Videokonfransda Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində olan müəssisələrdə koronavirus əleyhinə tibbi-profilaktik və dezinfeksiya işlərinin davam etdirilməsi, özünütəcrid şəraitində yaşayan, sosial ehtiyacı olan ahıl insanlara, təqaüddə olan mədəniyyət işçilərinə, aztəminatlı ailələrə maddi və mənəvi yardımların göstərilməsi, elektron xidmətlərdən daha geniş istifadə edilməsi, uşaq musiqi və incəsənət məktəblərlərində onlayn dərslərin və ustad dərslərinin müntəzəm olaraq keçirilməsi, mədəniyyət mərkəzlərinin, kitabxana və muzeylərin onlayn fəaliyyətinin genişləndirilməsi, virtual sərgilərin təşkili, videoçarxların keyfiyyətinin yüksəldilməsi və digər məsələlər ətraflı müzakirə edilib.
Sonra müəssisə rəhbərlərinin hesabatları dinlənilib, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq edilən xüsusi karantin rejiminin qaydalarına ciddi şəkildə riayət edilməsi əməkdaşların diqqətinə çatdırılıb.