Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı başa çatıb

01.07.2017

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 27-də başlanan Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb.
Beş gün davam edən festival çərçivəsində musiqisevərlər, şəhərin qonaqları, yerli sakinlər Türkiyə, Yaponiya, Polşa, Macarıstan, İran və Gürcüstandan gəlmiş rəqs və musiqi qruplarının, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivlərinin çıxışlarını izləyiblər.
İyulun 1-də axşam “Marxal” müalicə-istirahət kompleksinin yay teatrında festivalın təntənəli bağlanış mərasimi olub.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblı tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib. Ansamblın bədii rəhbəri Xalq Artisti Munis Şərifovdur.
Konsertin əvvəlində məlumat verilib ki, Qədim Musiqi Alətləri Ansamblı 1996-cı ildən ümummilli lider Heydər Əliyevin göstərişinə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sərəncamına əsasən, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərir. Ansamblın bənzərsiz cəhəti onun tərkibinə daxil olan musiqi alətlərinin orta əsrlərdə Azərbaycanda istifadə olunan və sonralar tamamilə unudulan qədim musiqi alətlərindən – çəng, çəqanə, bərbət, səntur, rud, rübab, Şirvan tənburu, qopuz, nüzhə, dümbək, neydən ibarət olmasıdır. Musiqiçilər bu alətlərdə XIV əsr musiqisini, həmçinin Azərbaycan xalq və bəstəkar mahnılarını ustalıqla ifa edirlər.
Ansambl musiqi mədəniyyətimizi ölkəmizdə və beynəlxalq səviyyədə layiqincə təmsil və təbliğ edir. Dəfələrlə beynəlxalq festival və müsabiqələrdə iştirak edib, uğurlar qazanıb. Kollektiv Rusiya, Özbəkistan, Tacikistan, Macarıstan, Türkiyə, Almaniya, Fransa, İsveçrə, İordaniya, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və digər xarici ölkələrdə səfərlərdə olub.
Konsertdə ansamblın və solistlər - Əməkdar Artist Nuriyyə Hüseynova və xanəndə Hüseyn Məlikovun ifa etdiyi qədim musiqilər, xalq mahnıları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Sonra festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadə çıxış edərək, Azərbaycanın qədim diyarı olan Şəkidə daha bir beynəlxalq festivalın son akkordlarının çalındığını vurğulayıb, festivalın yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə, şəkililərə təşəkkürünü bildirib.
Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov Şəki “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalının keçirilməsində əməyi olan bütün qurumlara, xüsusilə Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyinə minnətdarlığını ifadə edib.
Sonda Qədim Musiqi Alətləri Ansamblının bədii rəhbəri, Xalq Artisti Munis Şərifova şəhər icra hakimiyyəti adından festivalın rəmzi simvolu və xatirə hədiyyələri təqdim olunub.
Həmçinin festivalın yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, festivalın televiziya yayımının yüksək səviyyədə təşkilinə görə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin çəkiliş qrupu və festival çərçivəsində keçirilən tədbirlərin operativ işıqlandırılmasını təmin etdiyinə görə Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın bölgə müxbiri xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Festivalın bağlanış mərasimi atəşfəşanlıqla başa çatıb.