Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkinin təkalduz ustası Güləndam Alxasova onlayn sərgisini yayımlayıb

28.03.2020

Azərbaycan ailələrinin çoxunda ulu nənələrdən yadigar qalan zərif tikmələrə rast gəlmək mümkündür. Bir zamanlar çox dəyərli sayılan bu nümunələr nəsildən-nəsilə keçərək günümüzədək gəlib çıxıb.
Dekorativ-tətbiqi incəsənətin bir növü olan bədii tikmələrin tarixi çox qədimdir. Azərbaycan tikmə sənətinin təsvir vasitəsi olduqca zəngin və rəngarəngdir. Buraya müxtəlif növ sap, parça, muncuq, pilək və digər bədii materiallar daxildir.

Bu gün də Azərbaycanda bədii tikmə məktəbi qorunub saxlanılır. Sənətkarların əl işləri beynəlxalq sərgilərin və muzeylərin ekspozisiyalarını bəzəyir.

Bu sənət növünü yaşadanlardan biri də, Şəkili təkalduz ustası Güləndam Alxasovadır . 

Son günlərdə ölkədə tətbiq edilən zəruri karantin tədbirlərini nəzərə alaraq, Mədəniyyət Nazirliyi və “Kreativ Azərbaycan” portalı tərəfindən irəli sürülən  “Evdə qal, evdə yarat” təşəbbüsünə qoşulan Güləndam Alxasova sosial şəbəkə izləyicilərinə yaratdığı əl işlərindən və şəxsi kolleksiyasından olan qədim mis əşyalardan ibarət onlayn sərgisini təqdim edib.

Sərgidə nümayiş etdirilən “Karvan”, “Əlibaba və qırx quldur”, “Xan sarayı”, “Tovuz quşu”, ”Buket”, “Yarpaq tökümü” və “Şəhrizad” bədii tikmələri və digər sənət nümunələri daha çox diqqət cəlb edir.