27.03.2020
#EVDƏQAL layihəsinə dəstək olaraq Şəki şəhər Heydər Əliyev Mərkəzi virtual tanıtım videosu hazırlayıb. Tanıtım videosu vətəndaşların evdə qalaraq Mərkəzin müasir tələblərə uyğun tikilmiş binası, ekspozisiyaları və yaradılmış şəraitlə tanış olmasını təmin etmək məqsədilə hazırlanıb.
Mərkəzin binası öz müasir görünüşü, zövqlə dizayn edilmiş interyeri və çox funksiyalılığı ilə seçilir. Binanın eksteryer dizaynı şəhərə xüsusi gözəllik verir, şəhərin ümumi görünüşü ilə vəhdət təşkil edərək onu daha da müasirləşdirir.
Müasir memarlıq üslubunda tikilmiş mərkəzin binası 3 mərtəbədən ibarətdir.
Binanın fasadı təbii qranit və vitraj şüşə ilə üzlənib.
Mərkəzin əsas girişində ziyarətçiləri Ulu Öndər Heydər Əliyevin qranitdən düzəldilmiş büstü qarşılayır, iki yan divarlarda Ulu Öndərin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şəki ilə bağlı söylədiyi fikirlər əks olunub.
Mərkəzdə birinci mərtəbənin muzey hissəsində Ulu Öndərin uşaqlıq, tələbəlik, Dövlət Təhlükəsizlik orqanlarında çalışdığı, Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövr, Naxçıvan Muxtar Respublikasında işlədiyi dövrləri əks etdirən fotoşəkillər nümayiş olunur.
Şəki şəhər Heydər Əliyev Mərkəzində zəngin fonda malik adi və elektron kitabxana mövcuddur. Burada Heydər Əliyev Fondu tərəfindən göndərilmiş elmi, tarixi və bədii kitablar yerləşdirilmişdir.
Ətraflı məlumat üçün: https://www.facebook.com/100014284328565/videos/819720038514133