Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“DOST xonçası” Oğuzda

18.03.2020

Oğuz rayonunun mədəniyyət müəssisələri “DOST xonçası” kampaniyasına qoşulub. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin start verdiyi “DOST xonçası” kampaniyası çərçivəsində keçirilir.

Müəssisələrin əməkdaşları tənha, ahıl yaşlı insanların, aztəminatlı ailələrin, eləcə də yardıma ehtiyacı olan ailələrin evlərini ziyarət ediblər. Qonaqlar “DOST xonçası”nı təqdim edərək onları bayram münasibətilə təbrik ediblər. O cümlədən:

- Oğuz rayon Mərkəzi Kitabxananın kollektivi rayonda yaşayan, aztəminatlı Şakir Rzayevin ailəsinə baş çəkərək, onları bayram hədiyyələri ilə sevindiriblər.

- Oğuz rayon Xaçmaz kənd kitabxanası və digər mədəniyyət müəssisələrinin əməkdaşları “Dost xonçası” ilə kənd sakini, şəhid anası Aybəniz Məmmədovanın görüşünə gəliblər. Xaçmaz kənd 24 saylı kitabxananın əməkdaşı A.Müzəffərova, 23 saylı kitabxananın müdiri Z.Hacıyeva və Xaçmaz Mədəniyyət evinin işçiləri “Torpaq çərşənbəsi” və “Novruz bayramı” münasibətilə  Aybəniz Məmmədovanı və  ailənin digər övladı, Qarabağ müharibəsinin veteranı Mİrfaiq Məmmədovu təbrik edərək, onlara can sağlığı, bol ruzi- bərəkət arzulayıblar.

- Deyirlər ki, Novruz bayramında dildən-dilə sevgi, ürəkdən-ürəyə şəfqət, evdən-evə bayram payı yollanar. Bütün qapılar eyni məhəbbətlə, eyni hərarətlə döyülər. Oğuz rayon tarix-diyarşünaslıq muzeyinin kollektivi Novruz bayramı münasibətilə Oğuz şəhərində yaşayan iki aztəminatlı ailəyə “DOST” xonçası ilə qonaq gələrək, Rayon Kommunal Təsərrüfatı İdarəsinin əməkdaşları Elza Süleymanovaya və onun tək övladına, Qasımova Sürəyya anaya və onunla birgə yaşayan, ailə başçısını vaxtsız itirmiş  gəlininə və iki nəvəsinə bayram hədiyyələri təqdim ediblər.

- Oğuz rayon Mədəniyyət Mərkəzinin kollektivi “Dost Xonçası” kampaniyasına qoşularaq, Oğuz rayon Xalq Teatrının veteran aktyorları Vaqif Səmədov və Zöhrə Babayevanın qonağı olublar. Vaqif Səmədov və Zohrə Babayeva 1968-ci ildən 2003-cü ilə qədər mədəniyyət sahəsində müxtəlif vəzifələrdə çalışıblar. Onların Oğuz xalq teatrının fəaliyyətində böyük xidmətləri olmuşdur. Vaqif Səmədov bu gün də, ömrünün 74-cü ilində Mədəniyyət Mərkəzindən ayrılmayaraq, mərkəzdə təşkil edilmiş bütün mədəni kütləvi tədbirlərdə fəal iştirak edir.

- Rayonun Sincan kənd kitabxanası, Folklor klubunun işçiləri və Sincan kənd Bələdiyyəsinin sədri E.Ağammədov Sincan kəndində yaşayan aztəminatlı  Rahim İsmayılovun ailəsinə qonaq gedərək, ailəni Novruz xonçası ilə sevindiriblər.

- Oğuz rayon Yaqublu kənd Folklor evi, Yaqublu kənd kitabxanası, Zərrab kənd klubu və Yenikənd kənd klubu “Dost xonçası” layihəsinə qoşularaq, Yaqublu kənd sakini, 85 yaşlı Gülafət Babayevaya ilə görüşüb, ona bayram sovqatı hədiyyə ediblər.

- Rayonunun Xaçmaz-Qışlaq kənd kitabxanasının 22 saylı kənd filialının müdiri Təhmilə Əzizovanın, kənd klubunun müdiri İbrahim Kərimovun və əməkdaş Babaxan Mustafayevin təşkilatçılığı ilə iki aztəminatlı ailəyə, kənd sakinləri Qumru Vahabovanın və Natiq Səmədovun ailəsinə baş çəkərək, onlara bayram hədiyyələri təqdim ediblər. Görüş zamanı təşkilatçılar hər iki ailəni bayram münasibətilə təbrik etmiş, onlara ruzi bərəkət, can sağlığı və əmin-amanlıq arzulamışlar.

Milli adət-ənənələrimizi əks etdirən Novruz bayramı ərəfəsində keçirilən bu kampaniyanın məqsədi ehtiyacı olan həmvətənlərimizi və ahıllarımızı sevindirmək, cəmiyyətin onlara qarşı diqqət və qayğısını gücləndirmək, xoş bayram ovqatı bəxş etməkdir.

Qoy bahar da, Novruz bayramı da elimizə, yurdumuza öz gəlişi ilə bol ruzi, xeyir-bərəkət, xoş müjdələr gətirsin!