23.02.2018
23 fevral 2018-ci il tarixində Şəki Heydər Əliyev Mərkəzində Mərkəzin əməkdaşları və MKS-nin Vaqif İbrahim adına 9 saylı kitabxana filialının birgə təşkilatçılığı ilə həmyerlimiz şəhid mayor Aqşin Abdullayevin xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə təşkil olundu. Tədbirdə şəhidin ailəsi və Kiş kənd İcra nümayəndəsi iştirak etdi. Tədbirin məqsədi 25 fevral 2017- ci il tarixində Ermənistan Silahlı Qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş igid oğullarımızın xatirəsini yad etməkdir. Həmin tarixdə şəhid olmuş hərbi qulluqçularımız - Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu, Cəfərov Zakir Nazim oğludur. Əvvəlcə bütün şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Sonra tədbiri mərkəzin direktoru Xuraman Səmədova açaraq şəhidlər haqqında ümumi məlumat verdi.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Mərkəzin bələdçisi Çapuqi İlahə tədbir iştirakçılarına şəhid Mayor Aqşin Abdullayev haqqında ətraflı məlumat verdi: Abdullayev Aqşin 1982–ci il sentyabrın 3-də Şəkinin Kiş kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Tale sanki onu vətən keşikçisi kimi çətin və şərəfli bir xidmətə hazırlamışdır. Orta məktəbi bitirdikdən sonra öz istəyi ilə Bakı Ali Hərbi məktəbinə daxil olmuşdur. 2003-cü ildə ali məktəbi bitirmiş Tədris-Təlim Mərkəzində (TTM) təhsil almışdır. O, 2004-cü ildə ailə həyatı qurmuşdur. Şəhidin özündən yadigar 3 övladı qalmışdır.
Şəhidlərin keçdiyi ömür yollarına aid olan video çarxlar nümayiş etdirildi. Mərkəzin elmi işçisi Pərvanə Rəhimova, 9 saylı kitabxana filialının direktoru Rüfanə Həsənova çıxış etdilər. 7 saylı orta məktəbin IV sinif şagirdi İsgəndərli Allahverdi “Şəhidlər”, 18 saylı orta məktəbin VIII sinif şagirdləri Abakərova Dilarə “Şəhidlər”, Abdullayev Əsədullah “Müharibə olmasın”, Abdullazadə Təbəssüm və Abakərova Dilarənin ifasında “Azərbaycan əsgəri” şerləri səsləndirildi.
Sonda şəhidin anası Dursun xanım və İcra nümayəndəsi Mürvət müəllimə söz verildi. Onlar şəhid haqqında maraqlı məlumatlar verdilər. Anım gününü təşkil etdiklərinə görə təşkilatçılara və qonaqlara dərin minnətdarlıqlarını bildirdilər.