Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xocalı - əsrin faciəsi”

25.02.2018

25 fevral 2018-ci il tarixdə Baş Zəyzid kənd sənətkarlıq evində MKS-nin 49 saylı filialı ilə birlikdə Xocalı soyqırımı ilə əlaqədar “Xocalı - əsrin faciəsi” adlı anım tədbiri keçirildi. Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Xocalı şəhidlərinin, həmçinin  Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin ruhu bir dəqiqəlik süküutla yad edildi. Tədbiri giriş sözü ilə açan sənətkarlıq evinin direktoru Xanlar Mahmudov bildirdi ki, Xocalıda içərisində uşaqlar, qadınlar, qocalar olmaqla 613 nəfər dinc sakinimiz qəddarlıqla qətlə yetirilmişdir. Çıxış edən Baş Zəyzid kənd İƏD üzrə nümayəndənin müavini E.Novruzov öz çıxışında qeyd etdi ki, bu qətlyam 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etməklə törətdilər.

MKS-nin 49 saylı filialının müdiri Z.Abbasov qeyd etdi ki, hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-sı səhər saat beş radələrində şəhər tam alova bürünmüşdür. Beləliklə Xocalı şəhəri yerlə-yeksan edilmişdir.

Baş Zəyzid Bələdiyyəsinin baş mühasibi V.Məmmədli çıxış edərək bu qətlyamda dövlətin və əhalinin əmlakına 01 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulduğunu söylədi.

Tədbirin sonunda iştirakçılar Xocalı qətlyamına həsr olunmuş foto stendə tamaşa etdilər.