17.02.2020
Fevralın 17-də Səməd Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzində yerli sənətkar-toxucu Hekayət Novruzovanın əl işləri və 4 saylı tam orta məktəbin IX sinif şagirdi Elvin Mirzəyevin çəkdiyi rəsmlərdən ibarət “Qızıl əllər” başlıqlı sərgi təşkil olunub.
Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidova sərginin açılış mərasimində bildirib ki, sənətkarların yaradıcılığı və onların işlərinin təbliği bizim əsas vəzifələrimizdən biridir.
Sonra Mədəniyyət Mərkəzinin baş metodisti Rəna Məcidova təbir iştirakçılarına sərği haqqında məlumat verib. Bildirilib ki, Hekayət Novruzova artıq illərdir ki, toxuculuqla məşğul olur. Onun toxuduğu maraqlı əl işləri sərgiyə baxanların böyük marağına səbəb olur. Al-əlvan corablar, papaqlar, şərflər, əlcəklər sərgiyə baxanlarda xoş əhval yaradır. Sevindirici haldır ki, nənələrimizdən miras qalmış bu gözəl sənəti Hekayət Novruzova kimi sənətkarlarımız yenidən yaşadırlar.
Məktəbli Elvin Mirzəyevin çəkdiyi maraqlı və rəngarəng rəsmlər, natrümotlar, xüsusilə “Novruz”, “Xocalı” və “Qanlı Yanvar” rəsmləri tamaşaçıların diqqətini çəkib.
Tədbirdəki çıxışlarda gənc rəssam Elvin Mirzəyevin 2017-ci ildə Bakı şəhərində məktəblilər arasında 15 iyun Milli Qurtuluş günü münasibətilə təşkil olunmuş “Öz dünyanı boya” adlı rəsm müsabiqəsində Fəxri Fərmanla, həmçinin 2019-cu ildə Suraxanı rayon sənətkarlıq evində 20 Yanvar faciəsinin 30-cu ildönümü ərəfəsində keçirilmiş “Azadlıq aşiqləri” adlı rəsm müsabiqəsində diplomla təltif olunduğu barədə iştirakçılara məlumat verilib.
Sərginin açılış mərasiminin sonunda Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayon üzrə məsləhətçisi Dilarə Əzizova gənc rəssama və toxucu xanıma gələcək işlərində uğurlar arzulayaraq, tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirmişdir.