03.02.2020
Azərbaycanda dövlət gənclər siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər respublikamıza rəhbərliyinin bütün dövrlərində sağlam gəncliyin, bu dövlətə sahib dura biləcək, onu inkişaf etdirəcək bir nəslin yetişməsinə çalışıb. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə yeniyetmə və gənclərin hərtərəfli inkişafı və qabiliyyətlərinin üzə çıxarılması üçün geniş imkanlar açılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Qax şəhərində keçirilən bayram tədbirində səsləndirilib.
Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Əlövsət Bayramov çıxış edərək 2019-cu ilin Qax gəncləri üçün əlamətdar və yaddaqalan olduğunu bildirib, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. Bildirilib ki, qaxlı gənclər bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd edirlər. Bu da təsadüfi deyildir. Onlar 2019-cu ildə rayonun ictimai-siyasi həyatında fəallıq nümayiş etdirib, təhsil, idman, incəsənət və digər sahələrdə yüksək uğurlar qazanıb, milli-mənəvi dəyərlərimizin qorunmasına layiqli töhfələrini veriblər.
Gəncləri əlamətdar gün münasibətilə təbrik edən rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev ümummilli lider Heydər Əliyevin öz siyasətində gələcəyimiz olan gənclərə daim böyük önəm verdiyini vurğulayıb. Bildirilib ki, Gənclər və İdman Nazirliyinin yaradılması, gənclər siyasəti sahəsində qəbul edilən normativ hüquqi aktlar, gənclərin ümumrespublika forumlarının keçirilməsi gənclərlə iş sahəsinin hüquqi əsaslarının və icra mexanizmlərinin müəyyən edilməsində mühüm rol oynayıb. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilir. Bu siyasət gənclərin təlim-tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, onların cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir.
Çay süfrəsi ətrafında rəngarəng konsert proqramı ilə davam edən bayram tədbirinin sonunda 2019-cu ildə rayonun ictimai-siyasi, təhsil, idman, incəsənət və digər sahələrdə uğur qazanan gənclərinə rayon icra hakimiyyətinin, Gənclər və İdman İdarəsinin fəxri fərmanları təqdim olunub.