16.01.2020
S.Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzində yanvar ayının 15-dən etibarən vətənpərvərlik mövzusunda filimlərin nümayişinə başlanılmışdır. Dövlətimiz gələcəyimiz olan gənc nəslin Vətənə, milətinə, xalqına, elinə, obasına hörmət ruhunda tərbiyə olunmasına hər zaman böyük önəm verib. Bu baxımdan Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 30 illiyi ərəfəsində təşkil olunan film nümaişlərinin gənclərin vətənpərvərlik ruhunda formalaşmasında əhəmiyyəti çox yüksəkdir. Yanvarın 15-də məktəblilərə Milli Qəhrəmanlarımıza həsr olunmuş sənədli filmlər təqdim olunub. Filmin nümayişindən öncə Mədəniyyət Mərkəzinin əməkdaşı Nuriyyə Əlimovada tamaşaçılar qarşısında çıxış edib. Çıxışda Vətənpərvərliyin qəhrəmanlığın əsasını qoyan amil olduğu qeyd olunub.
16 yanvar tarixində isə tamaşaçılara Elxan Cəfərovun “Dolu” filmi təqdim olunub. Heç nəyə baxmayaraq Vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlığından bəhs edən filmi gənclərimiz böyük ekranda maraqla izləyiblər.
Tədbirdə təşkilatçı tərəfindən belə tədbirlərin keçirilməsində məqsədin yeniyetnmə və gənclərdə vətənə məhəbbət hissi daha da qüvvətləndirilməsi, həqiqi vətənpərvərliyin məzmununun düzgün dərk edilməsi, vətəni müdafiə etməyi, onun şərəfini qorumağı özünün xalq qarşısında şərəfli vəzifəsi hesab etməsi kimi dəyərlərin aşılanmasından ibarət olduğu bildirilib.
Filmlərin nümaişi həftə sonunadək davam edəcək.