Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki Xalq Teatrının 60 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib

17.12.2019

Dekabrın 17-də Şəki M.F.Axundov adına şəhər Mədəniyyət Mərkəzində Şəki Xalq Teatrının 60 illiyinə həsr olunmuş yubiley axşamı keçirilib. Tədbirdə Şəki Regional Mədəniyyət İdarəsinin kollektivi, Şəki Mərkəzi Kitabxana Sisteminin, Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən filiallarının əməkdaşları, tanınmış mədəniyyət işçiləri, ziyalılar və teatrsevərlər iştirak ediblər.

Tədbirin əvvəlində Mədəniyyət Mərkəzinin metodisti Nazilə Qaffarova çıxış edərək, bu sənət ocağının keçdiyi yoldan söz açıb. Bildirilib ki, 1948-ci ildən rayon mədəniyyət evində yaradılan dram dərnəyi 1959-cu ildən etibarən Respublikanın əməkdaş artisti Məmmədkəbir Hacıoğlunun rejissorluğu ilə Şəki Xalq Teatrı kimi fəaliyyətə başlayıb və teatrın repertuarında olan “Solğun çiçəklər”, “Yaşar”, “Aydın”, “Hacı Qənbər”, “Əsli və Kərəm”, “Leyli və Məcnun” kimi tamaşalar oynanılıb.1962-ci ildə Bakıda keçirilən xalq teatlarının baxış-müsabiqəsində Şəki Xalq teatrı Ə.B. Haqverdiyevin “Bəxtsiz cavan” tamaşası ilə iştirak edərək III yerə layiq görülmüşdür və bu 60 ildə teatr öz axtarışları, tapıntıları ilə cəmiyyətdə cərəyan edən proseslər, münasibətlər barədə mövzulara müraciət etmişdir. Bu gün də sənət ocağının yaradıcı kollektivi öz yaradıcılıq axtarışlarını uğurla davam etdirir.

Yubiley axşamında tamaşaçılara teatrın bədii rəhbəri Rəşad Rüstəmovun qələmə aldığı “Qulusu-Əli, Sadığı-Vəli, Qırılmışın hamısı dəli” teatrlaşdırılmış tamaşası təqdim olunub. Tamaşada görkəmli dramaturq C. Cabbarlının “Solğun çiçəklər”pyesi, Ş.Qurbanovun “Olmadı elə, oldu belə” komediyası, Salam Qədirzadənin “Gülməyəsən neyniyəsən” əsərlərindən parçalar səhnələşdirilib .

Tamaşanın zəngin səhnə dekorasiyası, aktyorların məharətli çıxışları səhnə əsərini baxımlı edib və tamaşa maraqla qarşılanıb.

Yubiley axşamında Rüstəm Xəlilməmmədovun rəhbərlik etdiyi “Səbuhi” xalq çalğı alətləri ansamblının iştirakı ilə təqdim olunan konsert proqramı tamaşaçılara xoş əhvat bəxş etmişdir.