Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki Dövlət Rəsm Qalereyası əməkdaşları “Xocalı harayı” adlı söhbət təşkil etmişlər

17.02.2018

Tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qışında üzləşdi. Dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkəmizin yeni tarixinə qara hərflərlə yazıldı. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər xalqımızın yaddaşına əbədi olaraq həkk olundu.

Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılması qalereyada ənənə şəklini almışdır. Fevralın 17-də qalereyanın əməkdaşları Şəki şəhəri Çələbixan qəsəbəsində yerləşən məcburi köçkünlər üçün inşa olunmuş, 70 nəfər şagirdin təhsil aldığı Xocalı şəhər 3 saylı tam orta məktəbində “Xocalı harayı” adlı söhbət təşkil etmişlər. Məktəbin direktoru Eldəniz Məmmədov tərəfindən qalereyanın əməkdaşlarına şagirdlərlə söhbət üçün şərait yaradıldı. Qalereyanın direktoru İlahə Məmmədova tərəfindən şagirdlərə Xocalı soyqırımı və Qarabağın tarixi barədə geniş məlumat verildi, həmçinin Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına respublikada siyasi-hüquqi qiymət verilməsində və dünya ictimaiyətinə çatdırılmasında böyük əməyi olduğu qeyd olundu. Şagirdlərə verilən vaxt çərçivəsində onlar soyqırım haqqındakı fikir və düşüncələrini kağız üzərinə köçürdülər.