Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə “Özbək kinosu həftəsi” çərçivəsində kinosevərlərlə görüş təşkil olunub

21.11.2019

Noyabrın 17-dən 24-dək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Özbəkkino” Milli Agentliyinin birgə layihəsi olaraq, Azərbaycanda “Özbək kinosu həftəsi” keçirilir.

Özbəkistandan olan nümayəndə heyəti kino həftəsi çərçivəsində noyabrın 21-də Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Şəki şəhərinə səfər edərək, xalq tətbiqi sənətkarlığının sahələri, yerli adət-ənənələr və tarixi abidələrlə tanış olublar.

Səfər zamanı nümayəndə heyətinin yerli kinosevərlərlə görüşü də təşkil olunub. Şəki Dövlət Dram Teatrında baş tutan görüşdə Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin böyük məsləhətçisi Almaz Sultanzadə, “Özbəkkino” Milli Agentliyinin mətbuat xidmətinin əməkdaşı, kinoşünas Barno Unqboyeva, SSRİ Dövlət mükafatı laureatı, rejissor Şuxrat Mahmudov, Əməkdar artist Rano Şadiyeva və ssenari müəllifi Roza Merkinbayeva iştirak ediblər.

Tədbirin əvvəlində qardaş ölkənin “Sənətkarlar diyarı” sənədli filminin nümayişi olub. Filmin izləyiciləri qısa müddət ərzində Özbəkistanın tarixi məkanlarına səyahət edərək, özbək xalqının mədəni irsi ilə tanış olmaq imkanı qazanıblar. Filmin nümayişi başa çatdıqdan sonra qonaqlar səhnəyə dəvət olunublar. Mədəniyyət Nazirliyinin məsləhətçisi Almaz Sultanzadə qonaqları təqdim edərək, diqqətə çatdırıb ki, ölkəmizdə “Özbək kinosu həftəsi” ikinci dəfə keçirilir.  Bu dəfə qardaş ölkənin filmləri ilə təkcə paytaxt sakinləri deyil, bölgələrdəki vətəndaşlar da tanış olmaq imkanı qazanıblar.

Özbək-Azərbaycan ədəbi və mədəni əlaqələri, Özbəkistanda kino sənayesinin inkişafı ilə bağlı məlumatı diqqətə çatdıran kinoşünas Barno Unqboyeva və rejissor Şuxrat Mahmudov kino həftəsində müxtəlif janrlarda – tarixi, sənədli, bədii və cizgi filmlərinin nümayiş olunacağını bildirərək, hər kəsi bu filmlərlə tanışlığa dəvət ediblər.

Tədbirin sonunda Barno UnqboyevaŞəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalovaya “Özbəkkino”-nun xatirə hədiyyələrini təqdim edərək, qonaqpərvərliyə və yaradılan şəraitə görə Mədəniyyət Nazirliyinə, şəhər rəhbərliyinə və tamaşaçılara təşəkkürlərini bildirib.