19.11.2019
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşəbbüsü ilə heyyəti gənc mədəniyyət işçiləridən ibarət olan Bölgə Teatr Truppasının 19 noyabr 2019-cu il tarixdə Şəki Mədəniyyət Mərkəzində ilk regional görüşü təşkil edilmişdir. Tədbirdə mərkəzin əməkdaşları Hüseyn Məmmədov və Rəfiqə Nəsirova, Zaqatala Mədəniyyət Mərkəzinin əməkdaşları Kənan Şəkərov, Nazən Bulacova, Şahin İsayev və mədəniyyət işçiləri iştirak ediblər.
Görüşü Şəki Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Elvin Qarayev açaraq bildirib ki, teatr dünyanın ən unikal sənət sahələrindən biridir. Ümumilikdə bütün incəsənət sahələri insanın daxili aləminin əks olunmasına xidmət edir. Ancaq teatrın ehtiva etdiyi məqamlar daha dərin qatlara nüfuz edir.
Görüşün ilk günündə Şəki şəhəri və ətraf rayonlarda fəaliyyət göstərən gənc mədəniyyət işçiləri tərəfindən Mərkəzin bədii rəhbəri Hüseyn Məmmədovun Bölgə Teatr Truppasının yaranması, mahiyəti və qarşısında qoyulan prioritetlər haqqında, Rəfiqə Nəsirovanın Azərbaycan teatrının tarixi, keçdiyi yol, eləcə də interaktiv səhnəciklər haqqında çıxışları dinlənilmişdir.
Görüşdə həmçinin teatra həvəs göstərən gənc mədəniyyət işçiləri olan Zaqatala Mədəniyyət Mərkəzinin əməkdaşları Kənan Şəkərov, Nazən Bulacova və Şahin İsayevin iştirakı ilə müasir tələblərə cavab verən və Aprel döyüşlərindən bəhs edən “Məzuniyyət” adlı tamaşa səhnələşdirilmişdir.
Görüşün sonunda “Mədəniyyət qalası” qəzetinin baş redaktoru Yusif Rəhimov teatr truppası ilə bağlı öz fikirlərini bölüşərək qeyd edib ki, bu gün teatr sənətinə maraq göstərən insanların sayı minlərlədir. Yerli və dünya dramaturqlarının əsərlərinin səhnələşdirilməsi teatr sevərlərdə böyük rəğbət yaradır və bu sahədə gənclərin fəaliyyəti təqdirəlayiqdir. Teatra Dövlət tərəfindən göstərilən xüsusi diqqət və qayğı sayəsində bu sənətə olan axının sürəti xeyli yüksəlmişdir.