15.11.2019
15 noyabr 2019-ci il tarixdə R.B.Əfəndiyevin ev muzeyində 17 noyabr Milli Dirçəliş Günü münasibətilə “Milli Qurtuluşun qaynaqları” mövzusunda mühazirə keçirilib. Mühazirədə R.B.Əfəndiyevin ev muzeyinin, MKS-nin 4 nömrəli filialının kollektivləri və şəhər 3 nömrəli orta məktəbin şagirdləri iştirak ediblər.
Mühazirəçi, R.B.Əfəndiyevin ev muzeyinin direktoru Vəfa Qasımzadə Milli Dirçəliş Günü münasibətilə bütün iştirakçıları təbrik edib, bu günün mahiyyəti və Azərbaycan xalqının inkişaf yolundan geniş söz açıb. O, 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları, SSRİ rəhbərliyinin Dağlıq Qarabağ separatçılarına dolayısı ilə dəstək verməsi, Bakıda tələbə hərəkatı fəallarının başlatdığı etiraz aksiyalarının ümummilli mitinqlərlə nəticələnməsi, SSRİ daxili qoşunları tərəfindən bu mitinqlərin dağıdılmasına baxmayaraq Kremlin Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilməməsini və 1988-ci ilin noyabrın 17-dən başlayan meydan hərəkatının bugünkü azad Azərbaycanın təməlini qoyduğunu qeyd edib.
Lakin o dövrdə bir-birinin ardınca hakimiyətə gələn ölkə rəhbərlərinin siyasi səriştəsizlikləri və iradəsizlikləri, Dağlıq Qarabağ problemi azmış kimi Azərbaycanda vətəndaş müharibəsinin alovlanmasına gətirib çıxardığını deyən mühazirəçi, xalqın bu çətin günündə dünya siyasət arenasında xüsusi yeri olan Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi çəkişmələrə və digər təhlükələrə son qoyulduğunu vurğulayıb.
V.Qasımzadə bildirib ki, Heydər Əliyevin səyi nəticəsində Ermənistanla Azərbaycan arasında atəşkəs rejiminə və Azərbaycanda siyasi sabitliyə nail olunduqdan sonra bir sıra beynəlxalq layihələrin həyata keçirilməsi ölkənin iqtisadi baxımdan yüksəlməsinə şərait yaradıb.
Sonra kitabxananın müdiri Təranə İsmayılovanın və kitabxanaçı Kəmalə Yusubovanın mövzu ətraflnda çıxışları dinlənilib, şagirdlər Azərbaycana, Vətənə və Heydər Əliyevə aid şeirlər söyləyiblər.