Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tur-aksiya iştirakçıları “Qızılgüllər diyarı” Zaqataladan zəngin təəssüratlarla ayrılıblar

14.11.2019

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan Lerik, Astara, Lənkəran, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Xızı və Abşeron rayonlarının məktəbliləri noyabrın 14-də, günün ikinci yarısında Zaqatala rayonuna səfər ediblər.

AZƏRTAC  xəbər verir ki, tur-aksiya iştirakçıları Zaqatala rayon Heydər Əliyev Mərkəzinin qarşısında rayonun rəhbər işçiləri tərəfindən mehribanlıqla qarşılanıblar. Rayon Icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova məktəblilərə Zaqatalanın tarixi, mədəniyyəti, coğrafi mövqeyi, iqtisadiyyatı, turizm potensialı barədə məlumat verib. Bildirilib ki, Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında yerləşən, 129 min nəfərdən çox əhalisi olan Zaqatala rayonunda 20-dən artıq xalqın nümayəndəsi uzun illərdir dostluq və qardaşlıq şəraitində yaşayır. Diqqətə çatdırılıb ki, Zaqatala rayonunun iqtisadiyyatında tütünçülük, meyvəçilik, o cümlədən fındıqçılıq, baramaçılıq, gülçülük mühüm yer tutur. Rayonda illik istehsal gücü 3500 ton olan tütün emalı zavodu, həmçinin tütün istehsalı və emalı məntəqəsi fəaliyyət göstərir. “AzRose” MMC-nin qızılgül yağı istehsalı müəssisəsində ötən ildən etibarən məhsul istehsalına başlanılıb. Bildirilib ki, Azərbaycanda fındıq istehsalının böyük bir hissəsi Zaqatala rayonunun payına düşür. Bu il rayonda 15 min tondan çox fındıq istehsal olunub. Rayonun kənd təsərrüfatı üçün ənənəvi sahələrdən olan fındıqçılığın, həmçinin qərzəkli meyvəçiliyin daha geniş təbliğ edilməsi məqsədilə iki ildir ki, Zaqatalada Beynəlxalq fındıq, qoz və şabalıd festivalı keçirilir. Sonra məktəblilər Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, ümumi sahəsi 2765 kvadratmetr olan ikimərtəbəli binada müxtəlif təyinatlı bölmələr fəaliyyət göstərir. Binanın birinci mərtəbəsindəki ekspozisiya zalında Ulu Öndərin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür. Binada, həmçinin akt və konfrans zalları, elektron kitabxana, kinozal, müxtəlif dərnək otaqları, fotostudiya, poliqrafiya emalatxanası və digər otaqlar yerləşir. Mərkəzdə fəaliyyət göstərən rəqs, rəsm, gitara, gənc fotoqraf, dekorativ tikmə, xalçaçılıq və toxuculuq dərnəklərində hər gün onlarla yeniyetmə və gənc məşğul olur.

Səfər çərçivəsində Zaqatala Tarix-Mədəniyyət Qoruğu, ümummilli Lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkı, rayon Tarix-Diyarşünaslıq Muzeyi və fındıq emalı müəssisəsi ilə tanış olan tur-aksiya iştirakçıları “Qızılgüllər diyarı” Zaqataladan zəngin təəssüratlarla ayrılıblar.