23.09.2019
Sentyabrın 23-ü XX əsr Azərbaycan ədəbiyyatının gorkəmli nümayəndəsi, qüdrətli söz sənətkarı Sabit Rəhmanın anım günüdür. 1970-ci ilin bu günü Sabit Rəhmanın yazıb-yaratdıqlarını Azərbaycan ədəbiyyatına, bizlərə miras qoyub getdiyi bir gündür.
Sabit Rəhmanın Şəkidəki ev muzeyində unudulmaz sənətkarın əziz xatirəsinə həsr olunmuş “Vərəqlənməyən təqvim” adlı anım tədbiri keçirilib. Muzeyin ekspozisiyasında nümayiş etdirilən, 1970-ci il sentyabrın 23-nü göstərən stolüstü təqvim maraqlı eksponatlardandır.
Muzeyin direktoru Pərvanə İskəndərova tədbiri girış sözü ilə açaraq, geniş məruzə ilə çıxış edib. Çıxışda qeyd edilib ki, Sabit Rəhman komediyalarında həyat hadisələrini özünəməxsus şəkildə təsvir edirdi və oxucuya göstərirdi. Onun gülüşü ciddiyətdən, realizmdən ayrı deyildir. Əğər Azərbaycan satirasının, gülüşünün başlanğıcında M.F.Axundzadə durursa, Sabit Rəhman bu janrın davamçısı və ən böyük nümayəndəsidir.
Anım günündə Şəki Tarix Diyarşünaslıq muzeyinin direktoru Yaqut Cəlalova Sabit Rəhmanın ailəsi ilə olan xatirələrindən danışıb, məktəblilər isə Sabit Rəhmanın ilk qələmə aldığı şeirlərlə çıxış ediblər.
Tədbir boyu Emin Sabitoğlunun bəstələdiyi həzin musiqilər səsləndirilib.