16.09.2019
Sentyabrın 16-da Cəyirli kənd folklor klubunun, kənd tam orta məktəbinin və MKS-nin 33 saylı kitabxana filialının birgə təşkilatçılığı ilə Cəyirli kənd tam orta məktəbində Bilik günü münasibətilə “Təhsildə uğurlu başlanğıc” adlı görüş keçirilmişdir. Görüşdə Cəyirli kənd tam orta məktəbin direktoru Mürsəl Şirinov, Cəyirli kənd folklor klubunun müdiri Zəkiyyə Abbasova, Cəyirli kənd icra nümayəndəsi Niyaz Şirinov, kənd bələdiyyəsinin sədri Mirvari Qarayeva, folklor klubunun mədəni təşkilatçısı, şair Mürsəl Qorxmaz (Həsənov), MKS-nin 33 saylı kitabxana filialının müdiri Kəmalə Abbasova, kənd ağsaqqalları, ictimaiyyətin digər nümayəndələri, müəllimlər, şagirdlər və valideyinlər iştirak ediblər.
Tədbiri giriş sözüylə məktəbin direktoru Mürsəl Şirinov açaraq, yeni dərs ilinin başlanması münasibətilə tədbir iştirakçılarını təbrik edib. Sonra kənd icra nümayəndəsi Niyaz Şirinov ali və orta ixtisas məktəblərinə daxil olan, tələbə adını qazanan gəncləri təbrik etməklə bərabər ilk dəfə məktəbə qədəm qoyan birincilərə təhsildə uğurlar arzulayıb.
Çıxışlardan sonra məktəblilərdən Fidan və Sara Həsənova bacıları Mürsəl Qorxmazın “Doğma məktəb deyərək”, “Xoş gəlib birincilər”, Əsmayə Orucova Bəxtiyar Vahabzadənin “Məktəb yolları”, Gülçin Hümmətova Mirvarid Dilbazinin “Ana məktəb” şeirlərini söyləyiblər. Tədbir şənlik nəğmələri ilə başa çatıb.