Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə infotur çərçivəsində konfrans keçirilib

13.09.2019

Cari ilin 9-13 sentyabr tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilati dəstəyi ilə Azərbaycanda səfərdə olan Qazaxıstan Respublikasının “Kazax TV” telekanalı üçün infotur keçirib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində akreditasiya olunmuş Media-Soy Productionun “Kazax TV” telekanalı üçün Azərbaycanda “Folk Art” və “Thes chool of nomads” adlı iki layihə hazırlayır. Verilişlərdə Azərbaycanın tarixi və mədəni irsi əks etdiriləcək çəkilişlər Bakı, Lahıc və Şəkidə aparılıb.

İnfotur çərçivəsində 13 sentyabr tarixində Şəki şəhərində Media-Soy Production şirkətinin prodüseri Dana Nukeyevanın, Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalovanın, regional “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrup” üzvlərinin iştirakı ilə “Mədəniyyətin təbliğində medianın rolu” adlı konfrans keçirilib.

Konfransı Mərkəzin elmi katibi Cavid Əliyev açaraq görülən işlər və gələcək layihələr haqqında məlumat verdi. Bildirildi ki, seminarın məqsədi mədəniyyətimizin təbliğində medianın mühüm rolunu bir daha qeyd etmək və ictimaiyyəti MEMİM-in fəaliyyəti barədə məlumatlandırmaqdır. Mərkəz bir sıra maraqlı layihələrə imza atıb, gənclərin mədəni proseslərə cəlb olunmasına diqqət ayırır.

Şöbə müdiri Nurəddin Babazadə bildirdi ki, bu gün, informasiya müharibəsi dövründə mədəniyyətimizin təbliğinə xüsusi ehtiyac var. Ona görə də yerli və beynəlxalq media nümayəndələri ilə sıx əməkdaşlığın yaradılması və genişləndirilməsi vacibdir. Gənclərdə mədəniyyətimizə daha yaxın olub onun fəal təbliğatçıları olmalıdır.

Mərkəzin əməkdaşları Ceyhun Əhmədov və Nadir Məmmədov öz çıxışlarında qeyd etdilər ki, bu gün muzey, kitabxana, musiqi məktəblərinin inkişafı üçün dövlət proqramları həyata keçirilir. Bütün bunlara baxmayaraq, bu müəssisələrin fəaliyyəti əhatəli şəkildə ictimaiyyətə çatdırmalıdır. Mədəniyyətin, mədəniyyət müəssisələrinin mediada təbliği onların işlərində irəliləyişə səbəb ola bilər.

Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək bildirdi ki, informasiya məkanında mədəniyyət mövzusu qədər həssas və müdafiəsiz bir sahə yoxdur. Mədəniyyət nümunələrimizin mənimsənilməsinə cəhdlər də buna misaldır. Ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi qayğı, Mədəniyyət Nazirliyin və digər qurumların fəaliyyəti nəticəsində mədəni irs nümunələrinin mənimsənilməsinin qarşısı alınır və ölkə mediası da bu məsələdə dövlətə dəstək verməlidir.

A.Usubəliyev ölkədə fəaliyyət göstərən mədəniyyət ocaqlarının da təbliğatına ehtiyacın olduğunu dedi. Bildirildi ki, bir çox hallarda regionlardakı mədəniyyət müəssisələri gördükləri işi ictimaiyyətə çatdıra bilmirlər. Bu istiqamətdə nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi müvafiq işlər görür. Bununla belə, müxtəlif mediaların fikri və bu məsələlərə diqqət ayırması bizim üçün çox əhəmiyyətlidir.  Televiziyalarda xəbər proqramlarında mədəniyyət xəbərlərinə sonda ayrılan bir neçə dəqiqə efir vaxtı informasiyanın çatdırılmasını və mövzuları əhatə edə bilmir. Eyni zamanda, mədəniyyətin təbliğində informasiyanın çoxluğu deyil, onun keyfiyyəti uğurlu nəticə verə bilər.

Tədbirdə Qazaxıstan Respublikasının və regionun media təmsilçiləri çıxış edərək öz mülahizə və fikirlərini irəli sürdülər.