16.08.2019
Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 94-cü ildönümü onun doğulduğu Şəki şəhərində ehtiramla anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər ictimaiyyətinin nümayəndələri, ziyalılar avqustun 16-da unudulmaz şairin Şəki şəhərinin mərkəzindəki parkda qoyulmuş büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Xalq şairinin şəhərin “Yuxarı baş” məhəlləsində yerləşən ev-muzeyində keçirilən “Biz Vətənçün doğulduq” adlı ədəbi-bədii gecədə çıxış edənlər Bəxtiyar Vahabzadənin Azərbaycan söz sənətinin inkişafındakı xidmətlərindən danışıb, şairin yaradıcılığının müxtəlif məqamlarına toxunublar.
Bildirilib ki, əsərləri ilə müasir Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlər göstərmiş Bəxtiyar Vahabzadənin yaradıcılığı bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda mübarizə şairin yaradıcılığının əsas istiqamətlərindən birini təşkil edib. Bəxtiyar Vahabzadə Vətəninə, doğulduğu yerə, soya bağlı bir insan olub, anadan olduğu yurdu – Şəkini çox sevib. Yaratdığı hər bir əsərdə Şəkiyə xas olan kolorit, iti və ağıllı zəka, dərin düşüncə tərzi özünü göstərir. Daim xalqının düşüncə və arzuları, hiss və duyğuları, istək və maraqları ilə yaşayan bu unudulmaz şəxsiyyətin zəngin yaradıcılığı poeziyamızın, şeirimizin cövhəri olub.
Bəxtiyar Vahabzadənin ilk təhsil aldığı Şəki şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin şairin şeirləri əsasında hazırladıqları ədəbi-bədii kompozisiya, M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin kollektivinin təqdim etdiyi kiçik konsert proqramı Bəxtiyar poeziyasının işığına toplaşanlara duyğulu anlar yaşadıb.