19.01.2018
20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar yanvarın 19-da Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Vətən, Sənə canım qurban” adlı ümumrayon tədbiri keçirilmişdir.
Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəlcə şəhidlərin xatirəsinə ucaldılan abidənin önünə qırmızı qərənfillər düzüb, Vətənimizin azadlığı uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın xatirəsini ehtiramla yad etmişlər.
Mərkəzdə keçirilən tədbir başlanmazdan əvvəl tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində 20 Yanvar şəhidlərinə həsr olunan rəsm və kitab sərgiləri ilə tanış olmuşlar. Daha sonra tədbir iştirakçıları şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükütla yad etmiş, Qanlı Yanvar hadisələrindən bəhs edən sənədli filmə baxmışlar. Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin Başçısı cənab Mübariz Əhmədzadə bildirmişdir ki, 20 Yanvar xalqımızın azadlıq mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Azərbaycan xalqı qəhrəman övladlarının fədakarlığını həmişə yüksək qiymətləndirir, müstəqilliyə və azadlığa qovuşmaq üçün canlarından keçən Vətən övladları ilə daim fəxr edir.