20.06.2019
Şəki Mərkəzi Kitabxanasında Mədəniyyətlərin təbliği və Xalq Yaradıcılığına Dəstək İctimai birliyinin təşkilatçılığı və Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə gənc xanımlara qədim bədii tikmə sənəti növlərini təbliğ etməklə məişətdən istifadə edilən əşyaların hazırlanması layihəsi çərçivəsində ustad dərsləri keçirilib. Dərslər layihənin rəhbəri, modelyer, pedaqoq Laləndər Novruzova və ekspert İradə Həsənova tərəfindən aparılıb. Laləndər Novruzova tədbirdə çıxış edib. Çıxışda qeyd edilib ki, tikilmiş paltarlar həm satılır, həm də kirayə verilir. Ancaq mənim üçün bu, əsas deyil. Əsas olan milli geyimlərimizə cəmiyyətdə maraq oyadılmasıdır. Biz buna çalışırıq. Təəssüflər olsun ki, milli dəyərlərimiz aşınır, bəsitləşdirilir və unutdurulur. Hazırda ölkədə satılan milli geyimlərin əksəriyyəti heç də standartlara uyğun deyil. Məni bir müəllim kimi narahat edən əsas məsələ odur ki, bu geyimlərdə milliliyimiz itir. Geyimlərin forması da saxtalaşdırılır. Həmin geyimlərdə nə parça fakturası, nə üslubu, ümumiyyətlə, heç nə milli geyimə uyğun deyil. Milli geyimlər bizim son dəyərimizdir, onu qorumaq lazımdır. Milli geyimə xəyanət etmək, onu öz tarixi formasından çıxarmaq olmaz. Tarixi gələcək nəsillərə olduğu kimi çatdırmaq lazımdır. Çıxışda qurumdakı sənətşünas və folklorşünaslarla müzakirələr nəticəsində, eyni zamanda Milli Elmlər Akademiyasının mütəxəssisləri ilə məsləhətləşmələr apararaq, incə üslublu müxtəlif cür milli geyimlərin tikildiyi nəzər diqqətinə çatdırılıb.
Dərslərdə iştirak edən MKS əməkdaşları və Uşaq Musiqi Məktəblərinin müəllimləri milli geyimlərin, mətbəx və digər məişət əşyalarının hazırlanması, istifadəsi və təbliği barədə dəyərli bilgilər əldə ediblər.
Sonda dərslərdə fəallıq göstərmiş İştirakçıların bir qrupu “Mədəniyyətlərin təbliği və Xalq Yaradıcılığına Dəstək İctimai bilrliyinin” diplomları ilə təltif olunublar.