18.01.2018
18 yanvar 2018-ci il tarixində 20 Yanvar şəhidlərinin iyirmi səkkizinci il dönümü münasibətilə Şəki tarix-diyarşünaslıq muzeyi, Şəki Xalq Tətbiqi Sənəti muzeyi və Bəxtiyar Vahabzadənin ev muzeyinin kollektivi birlikdə “Əsrə bərabər gecə” adlı tədbir keçirmişdir. Əvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə tarix-diyarşünaslıq muzeyinin direktoru Yaqut Cəlalova, B.Vahabzadənin ev muzeyinin direktoru E.Zəkəryibəyli və Xalq Tətbiqi Sənəti muzeyinin direktoru İ.Abdullazadə çıxış etdilər. Çıxışçılar 20 Yanvar faciəsi haqqında məruzə edərək qeyd etdilər ki, 1990-cı il yanvarın 17-18-də respublikada vəziyyət getdikcə çətinləşdi. Şəhərdə barrikadalar qurulur, respublikada cəmləşdirilmış qoşunların daxilə irəliləməsinə mane olmaq üçün maneələr yaradılırdı. Yanvarın 17-də ümumi tətil elan olundu. 1990-cı iı yanvarın 20-sində SSRİ Ali Soveti Rəyasət heyəti saat 00.00-dan “Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi” haqqında fərman verdi. Fövqəladə vəziyyətin elan olunması vaxtı xalqdan gizlədildi. Fövqəladə vaxtın yanvarın 20-sindən saat 00.00.-dan başlanacağına baxmayaraq qoşun hissələri yanvarın 19-da saat 21-dən şəhərə yeridildi. Bakı əməliyyatına SSRİ Müdafiə naziri Dmitri Yazov şəxsən özü başçılıq edirdi. Ağır hərbi texnika qarşısına çıxan hər şeyi dağıdaraq əliyalın əhalini gülləbaran etdi. Rəsmi məlumata görə sovet ordusunun hücumu zamanı Bakıda və başqa yaşayış məntəqələrində 131 nəfər, o cümlədən, 117 nəfər azərbaycanlı, 6 rus, 3 yəhudi, 3 tatar öldürülmüş, 744 nəfər yaralanmış, 400 nəfər həbs olunmuş, 4 nəfər itkin düşmüşdür. Xalq milli azadlıq uğrunda şəhid olmuş qəhrəman övladlarını yanvar ayının 22-sində son mənzilə yola saldı.
20 Yanvarda Azərbaycan xalqı azad yaşamağa layiq olduğunu bir daha təsdiq etdi. Milli azadlıq mübarizəsinin zirvəsi olan 20 Yanvarda şəhid olanlar xalqın qəlbində əbədi yaşayacaqdır.