11.06.2019
“Oğuz yurdu” qəzetinin 85 illik yubileyinin keçirilməsi haqqında Oğuz rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanovun 15 may 2019-cu il tarixli 34 nömrəli Sərəncamına əsasən rayonun yeganə kütləvi informasiya vasitəsi olan “Oğuz yurdu” qəzetinin bu il 85 yaşının tamam olması münasibəti ilə 12.06.2019- cu il tarixdə Oğuz rayon Mərkəzi kitabxanasının oxu zalında “Oğuz yurdu-85" başlıqlı oxucu konfransı keçirilib.
Tədbirdə ”Oğuz yurdu” qəzetinin kollektivi, RİH-nin nümayəndəsi İ. Abdullayeva, Gİİ - nin, “Oğuz yurdu” qəzetinin əməkdaşları, Tarix-diyarşünaslıq muzeyinin, H.Əliyev Mərkəzinin kollektivləri, məktəblilər iştirak ediblər.
Tədbiri giriş sözü ilə MKS-nin direktoru S.Mikayılova açaraq, “Oğuz yurdu“ qəzetinin kollektivini 85 illik fəaliyyəti münasibəti ilə təbrik edib və söz yubiliyarlara verilib. “Oğuz yurdu“ qəzetinin redaktoru N.Hüseynli “Oğuz yurdu“ qəzetinin kecmişi və bu günkü fəaliyyəti haqqında geniş məlumat verib. Qeyd olunub ki, 1934-cü ildə “Vartaşen kolxozçusu” adı ilə nəşr olunmağa başlayan qəzet sonralar “Varlı həyat”, “Lenin bayrağı” adı ilə fəaliyyət göstərmiş, 1991-ci ildən ziyalıların, rayon ictimaiyyətinin təşəbbüsü ilə “Oğuz yurdu” adı ilə çıxmağa başlamışdır. Hazırda ayda iki dəfə 500 tirajla çap olunan rayon qəzeti ən çətin vaxtlarda belə fəaliyyətini dayandırmamış, oxucularla ünsiyyətini davam etdirmişdir.
Rayonun ziyalısı S.Quliyev öz çıxışında qəzetin uzun illərdən bəri öz aktuallığını və günün nəbzini tutmasını, bütün dövrlərdə oxucu kütləsi tərəfindən maraqla oxunduğunu qeyd edərək, qəzetin əməkdaşlarına və oxucularına ən xoş arzularını bildirib. Mərkəzi kitabxananın “Oxuculara xidmət şöbəsi”nin müdiri N.Qasımova, “Uşaq şöbəsi”nin müdiri A.Cəfərova, “İnformasiya resurs şöbəsi”nin müdiri M.Bəkirova “Oğuz yurdu” qəzeti ilə kitabxana arasında sıx əlaqənin olmasından, kitabxananın fəaliyyəti ilə bağlı yazı və məqalələrin vaxtaşırı qəzetin səhifələrində yer almasından bəhs edərək, “Oğuz yurdu”nun sevimli qəzetləri olmasını bildiriblər. RİH- in nümayəndəsi İ.Abdullayeva cıxış edərək qəzetin uzun illər fəaliyyət göstərməsində rayon rəhbərliyinin dəstəyinin danılmaz olduğunu qeyd edərək, “Oğuz yurdu“ qəzetinin kollektivini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirin sonunda iştirakcılar “Oğuz yurdu-85“ adlı sərgi ilə tanış olublar.