Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“20 Yanvar - Şərəf tariximiz”

19.01.2018

R.B.Əfəndievin ev muzeyində 19 yanvar 2018-ci il tarixində 20 Yanvar faciəci ilə əlaqədar   MKS-nin R.B.Əfəndiyev adına 4 saylı filialı ilə birlikdə “20 Yanvar - Şərəf tariximiz” adlı anım günü keçirildi. İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə muzeyin direktoru V.Qasımzadə açdı və faciə haqqında ətraflı məlumat verdi: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Azərbaycan üçün belə bir faciəli gündə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirov xalqa qarşı xəyanətkarlıq yolu tutaraq yanvarın 19 və 20-də öz iş yerində olmaq əvəzinə yanvarın 19-nu Dövlət Təhlükəsizliyi Komitəsinin binasında DTK sədri Vaqif Hüseynovla birlikdə keçirmişdir. Sonra o, gizli surətdə SSRİ Müdafiə Nazirliyinin Bakıda yerləşən hərbi qərargahına getmiş, yanvarın 20-nə keçən gecə həmin qərargahda Dmitri Yazovla və Vadim Bakatinlə birlikdə hərbi əməliyyata rəhbərlik etmişdir. Nəhayət, yanvarın     21-də yalnız öz şəxsi təhlükəsizliyini təmin etmək üçün gizli şəkildə hərbi təyyarə ilə Moskvaya qaçmışdır. Öz hakimiyyətini nəyin bahasına olursa-olsun qoruyub saxlamaq məqsədi güdən keçmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirov bu ağır cinayətin bilavasitə təşkilatçısı və iştirakçısı olmuşdur. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Viktor Polyaniçko, Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ayaz Mütəllibov, Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Vaqif Hüseynov tutduğu vəzifə və səlahiyyətlərinə görə həmin cinayətin birbaşa iştirakçıları olmuşlar.”

Sonra söz kitabxanaçı Kəmalə Yusubovaya verildi. Kəmalə xanım hadisəyə dünyanın reaksiyası haqqında  ətraflı söz açdı: “Bakıda törədilən cinayətlər qonşu və qardaş Türkiyədə sərt reaksiyalara səbəb olmuş, ölkənin hər yerində mitinq və nümayişlər keçirilmişdir. Ankara, İstanbul, Qars, İzmir, Kayseri və başqa şəhərlərdə keçirilən mitinq və nümayişlərdə sovet rəhbərliyinin törətdiyi bu cinayəti müdafiə edən Amerika Birləşmiş Ştatları  pislənmişdir. Eyni zamanda Türkiyənin rəsmi şəxsləri, Türkiyə hökuməti Bakıda törədilən hadisəni tənqid etməklə yanaşı, Azərbaycana yardım göstərilməsi təklifi ilə də çıxış etmişlər. İranın milli təhlükəsizlik şurası yığıncaq keçirmiş və bu barədə bəyanat qəbul etmişdir. İran parlamentinin 160-dan çox üzvü M.Qorbaçovun Azərbaycana silahlı təcavüzünü pisləmişdir. İran prezidenti Rəfsəncani və İranın dini lideri Xameneyi M.Qorbaçovun atdığı bu addımı kəskin tənqid etmişlər.”    

       ALLAH sizə rəhmət eləsin! Qəbriniz nurla dolsun!