18.01.2018
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar günü respublikada haqq-ədalətin bərqərar edilməsi tələbləri ilə çıxış edən Azərbaycan xalqının inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri baş verdi.Yüzlərlə günahsız insan yaralandı və qətlə yetirildi. Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.
Yanvar ayının 18-də Oğuz rayon Mərkəzi Kitabxanasının uşaq şöbəsinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində 20 Yanvar hadisələrinin 28-ci ildönümünə həsr edilmiş “Şəhidlərin qürur yerindir Azərbaycan!” adlı ədəbi- bədii kompozisiya təşkil olunmuşdur.
Tədbirdə tarix-diyarşünaslıq muzeyinin işçiləri və Heydər Əliyev Mərkəzinin əməkdaşları, H.Babayev adına şəhər 1 saylı məktəbin VI və VII sinif şagirdləri iştirak edirdilər. Tədbir 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin Oğuz rayonu üzrə Baş məsləhətçisi U.Baxışova 20 Yanvar hadisəsinin tarixi haqqında geniş məlumat verdi. Sonra X.Mikayılova “20 Yanvar” şeirini söylədi. Mərkəzi kitabxananın uşaq şöbəsinin baş biblioqrafı T.İsayeva “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi”, H.Babayev adına şəhər 1 saylı məktəbin VIIb sinif şagirdi A.Əzizli isə “O qanlı gecədə uşaqlara da aman verilmədi” adlı məruzələr etdilər. Sonra VIIb sinif şagirdləri “Şəhidlərin qürur yerindir Azərbaycan!” ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. RİH-in nümayəndəsi S.Nəbiyev öz çıxışında Azərbaycanın bu günkü həyatı üçün 20 Yanvar şəhidlərinə minnət borcumuzun olduğunu dilə gətirdi. Sonra 20 Yanvar hadisəsini özündə əks etdirən video-çarx nümayiş olundu. Tədbirin sonunda “Şəhidlər qürur yerindir Azərbaycan!” adlı sərgiyə baxış oldu.