03.05.2019
3 may 2019-cu il tarixdə Qax rayon Heydər Əliyev Mərkəzində 1941-1945-ci illər Böyük Vətən Müharibəsində qələbənin 74 illiyi münasibətilə açıq dərs təşkil edilib. Rayonun 1 saylı tam orta məktəbin 8-ci sinif şagirdləri açıq dərsin dinləyiciləri olublar. Dərsdə tarix müəllimi Məryəm Mahmudova mühazirə ilə çıxış edib. Çıxışda qeyd olunub ki, Böyük Vətən Müharibəsi Rusiya və keçmiş postsovet ölkələrində 1941–1945 illərdə, İkinci dünya müharibəsi dövründə Sovet İttifaqının Almaniya və onun müttəfiqlərinə qarşı apardığı müharibəyə verilən addır. Dünyada bu müharibə Sovet-alman müharibəsi, İkinci Dünya müharibəsində Şərq cəbhəsi adlarıyla tanınır. MDB ölkələrində Almaniyanın danışıqsız təslim olduğu gün − 9 may günü rəsmi bayramdır. Daha sonra şagirdlərlə sual-cavab aparılmaqla, bu önəmli günün tarixindən ətraflı şəkildə danışılıb. Şagirdlərdən Jalə Hüseynova, Nərmin Abbasova və başqaları dərsdə fəal iştirak ediblər.
Sonra dərsin dinləyiciləri həmin tarixi illəri əks etdirən video-çarxa tamaşa ediblər. Tədbirin sonunda Heydər Əliyev Mərkəzinin direktoru Nərminə Omarova Böyük Vətən Müharibəsində Azərbaycanlı igidlərin keçdikləri rəşadət yolundan bəhs edərək, müstəqil Azərbaycanın qüdrətli ordusunun ölkəmizin müdafiəsində ayıq-sayıq dayandığını qeyd edib.