19.04.2019
19 aprel 2019-cu il tarixdə Oğuz rayonunun Sincan kənd kitabxanasında Rövşən Şərifin ”Uzaqdan gələn yollar” kitabının təqdimatı keçirilmişdir. Tədbirdə Sincan kənd orta məktəbinin müəllimləri, Oğuz rayon mərkəzi kitabxanasının əməkdaşları, kitabxananın fəal oxucuları, müəllif və kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbiri kitabxananın müdiri R.Əzizova açıq elan edərək, müəllifin həyat və fəaliyyəti haqqında danışılaraq bildirilmişdir ki, Rövşən Şərif 1957-ci ildə Oğuz rayon Dəymədağlı kəndində anadan olmuşdur. Orta məktəbi Sincan kəndində oxumuş, ADU-nun Tarix fakultəsinin məzunu olmuşdur. 11 il Azərbaycan Elektron Hesablama Maşınları zavodunda tərbiyəçi müəllim vəzifəsində işləmiş, Sovet dövründə “Ən yaxşı tərbiyəçi müəllim” adını almışdır. “Azərbaycan” və “Səhər” qəzetlərində jurnalist kimi fəaliyyət göstərmişdir. “Uzaqdan gələn yollar” kitabı müəllifin ilk kitabıdır. Kitab 26 hekayə və bir povestdən ibarətdir.
Çıxışda kitabda olan povest, hekayələr və esselərdən, müəllifin burada kəndin həyatı, yaşayışı, insanları haqqında olmuş hadisələri qabarıq, sadə dildə, özünəməxsus şəkildə əks etdirməsindən, Oğuzun gözəl mənzərələrindən, Sincan kəndinin, Filfillidə Surxay xan qalasının yaranması tarixindən, analar, şəhidlər haqqında və başqa mövzularda yazılmış hekayələrdən danışılmışdır
Tədbirdə Sincan kənd kitabxanasının fəal oxucularından R.Mustafayev, S.Səfərəliyeva, M.Həsrətova, Tərkəş kənd tam orta məktəbindən N.Hacıağayev, Sincan kənd məktəbindən psixoloq Ş.Hacıyeva və kitabxanaçı A.Qarayeva, Oğuz rayon MK-nın oxuculara xidmət şöbəsinin müdiri N.Qasımova çıxış edərək Pövşən müəllimi təbrik edərək, bu kitabın davamının olmasını arzu etmişlər. Təbriklərdən sonra Rövşən Şərif kitabda yazdıqlarının 80 faizinin Oğuza həsr elədiyini, doğma Vətəni Oğuzu tərənnüm elədiyini, adət-ənənələrini, ən çox da uşaqlıq xatirələrini, şahidi olduğu hadisələri və görmək istədiklərini qələmə aldığını vurğulayaraq, tədbir iştirakçılarına və təqdimat mərasiminin təşkilində zəhməti olanlara öz dərin təşəkkürünü bildirmişdir.
Tədbirin sonunda müəllifin yeni kitabından iştirakçılara hədiyyələr edilmiş və Oğuz rayon Mərkəzi kitabxanası tərəfindən Sincan kənd kitabxanasının fəal oxucusu, təqaüdçü R.Mustafayev fəxri fərmanla təltif olunmuşdur.