Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Azərbaycanın şimal-qərb qapısı Balakən rayonu növbəti dəfə Xurma festivalına uğurla ev sahibliyi edib.

29.10.2024

Xurması, ilə məşhur olan, zəhmətsevər insanların əməyi ilə gözəlləşən Azərbaycanın şimal-qərb qapısı Balakən rayonu növbəti dəfə Xurma festivalına uğurla ev sahibliyi edib.

Xurmaçılığın daha geniş təbliğ və inkişaf etdirilməsi məqsədi ilə oktyabrın 29-da rayonda IV Xurma festivalı keçirilib.

Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kənd Təsərrüfatı  nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan  Aqrar İnnovasiya Mərkəzinin, “Balxurma” MMC-nin dəstəyi, Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilib.

 Festivalda, təşkilatçı dövlət qurumlarının nümayəndələri, qonşu rayonlardan gəlmiş qonaqlar, xurma istehsalçıları, həmçinin rayon sakinləri iştirak ediblər.

Sonra xurma bağına ekskursiya keçirilib, xurma ağacları əkilib.

Açılış mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək, festival iştirakçılarını əlamətdar bayram münasibətilə təbrik edib. Bildirilib ki, xurma festivalının keçirilməsi Balakən rayonu üçün xüsusi önəm daşıyan layihədir. Festival Balakəndə kənd təsərrüfatının, o cümlədən meyvəçiliyin inkişafını stimullaşdırır. Festival yerli məhsulların xarici bazarlarda satışının təşviqi baxımından da böyük əhəmiyyət daşıyır. Xurma festivalının keçirilməsi, eyni zamanda, milli adət-ənənələrinin, qonaqpərvərliyinin, rayonun turizm imkanlarının tanıdılmasında, xurmanın, ondan hazırlanan məhsulların təbliğində önəmli rolu var.

Festival çərçivəsində Balakən rayon Mədəniyyət Mərkəzinin kollektivi tərəfindən hazırlanmış tamaşa, “Cahan” avar xalq kollektivi və “Ebel” folklor qrupunun ifasında müxtəlif janrlarda musiqilər səsləndirilib.

Festival iştirakçıları bayramsayağı bəzədilmiş parkda xurmadan hazırlanmış kulinariya məhsullarına və kompozisiyalara, kənd təsərrüfatı məhsullarının sərgilərinə baxıblar. Xurma, alma, armud, qoz, fındıq və digər meyvələr, arıçılıq, ət, süd, tərəvəz məhsulları müxtəlif çeşiddə məhsullar festival iştirakçılarının böyük marağına səbəb olub.

IV Beynəlxalq xurma festivalı Heydər Əliyev adına  mədəniyyət və istirahət parkının ərazisindəki meydanda konsert proqramı ilə davam edib.