
30.06.2026
İyunun 29-da Şəki şəhər Heydər Əliyev Mərkəzinin, M.F. Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən “Narınqala” şəhər Folklor Evinin və Qərbi Azərbaycan İcmasının Şəki şəhər nümayəndəliyinin birgə təşkilatçılığı ilə Qərbi Azərbaycan mövzusunda “Tarixin izi ilə” adlı tədbir keçirilib.
Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Qərbi Azərbaycan İcmasının Şəki şəhər nümayəndəliyinin rəhbərliyi və əməkdaşları, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi Şəki şəhər Komitəsinin rəhbərliyi, mədəniyyət işçiləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qərbi Azərbaycanın tarixi, mədəni irsi və soydaşlarımızın doğma yurdlarına qayıdış hüququ ilə bağlı videoçarx nümayiş olunub, mövzuya həsr edilmiş təqdimat iştirakçılara təqdim edilib.
Çıxışlarda Qərbi Azərbaycanın zəngin tarixi, milli-mənəvi irsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti, dövlətimizin bu istiqamətdə həyata keçirdiyi siyasət, eləcə də Qərbi azərbaycanlıların öz doğma torpaqlarına sülh yolu ilə qayıdış hüququ barədə ətraflı məlumat verilib. Milli yaddaşın qorunmasının, tariximizin öyrənilməsinin və vətənpərvərlik ruhunun gənc nəslə aşılanmasının vacibliyi xüsusi vurğulanıb.
Tədbirin keçirilməsində məqsəd Qərbi Azərbaycanın zəngin tarixi, mədəni irsi və milli-mənəvi dəyərləri haqqında ictimaiyyətin, xüsusilə gənc nəslin maarifləndirilməsi, tarixi həqiqətlərin təbliği, Qərbi Azərbaycandan olan soydaşlarımızın doğma yurdlarına qayıdış hüququna diqqətin artırılması, milli yaddaşın qorunması və vətənpərvərlik ruhunun daha da gücləndirilməsidir.