
19.03.2026
Martın 18-də M.F. Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Səməd Vurğun adına Folklor evinin təşkilatçılığı ilə böyük Azərbaycan şairi Səməd Vurğunun 120 illik yubiley tədbiri keçirilib.
Folklor evində təşkil olunan tədbirdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər Komitəsinin rəhbərliyi və əməkdaşları, şair Musa Həşimov, Bəxtiyar Vahabzadənin Ev Muzeyinin direktoru Elşən Zəkəryəbəyli, həmçinin mədəniyyət və təhsil işçiləri iştirak ediblər.
Çıxış edənlər - şair Musa Həşimov və Elşən Zəkəryəbəyli, Səməd Vurğunun zəngin ədəbi irsindən, Azərbaycan poeziyasının inkişafındakı müstəsna rolundan, milli-mənəvi dəyərlərin təbliğində xidmətlərindən bəhs ediblər.
Qeyd olunub ki, Səməd Vurğunun yaradıcılığı bu gün də aktuallığını qoruyur və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb edir.
Tədbirin bədii hissəsində M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Səbuhi” və Turan qəsəbə Uşaq musiqi məktəbinin “Buta” saz ansamblı tərəfindən musiqi nömrələri təqdim olunub, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Qeyd edək ki, bu kimi tədbirlərin keçirilməsi milli ədəbi irsin təbliği, klassik ədiblərin yaradıcılığının geniş ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.