
22.06.2026
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı bədii kollektivlərinin genişmiqyaslı mədəni qastrol proqramı çərçivəsində növbəti konsert Qəbələ şəhərində keçirilib.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri iyunun 22-də Qəbələ rayon Mədəniyyət Mərkəzində konsert proqramı ilə çıxış edib.
Mustafa Mehmandarovun dirijorluğu ilə orkestr tərəfindən Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib. Proqramda Oqtay Zülfüqarovun “Şənlən, mənim xalqım”, Qara Qarayevin “Yeddi gözəl” baletindən “Gözəllər gözəli” və “Vals”, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən fraqmentlər, Musa Mirzəyevin “Poema-noktürn”, Kamil Sen-Sansın “İntroduksiya və Rondo Kapriççiozo” və Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” əsərləri yer alıb.
Orkestrin, eləcə də solistlər Nəcəf Vəliyev (truba) və Kənan Məmmədzadə (violin) şövqlə ifa etdikləri musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, qastrol proqramı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən edilmiş prioritet istiqamətlərdən biri olan mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədilə həyata keçirilir.