18.09.2025
Sentyabrın 18-də Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə "Milli Musiqi Günü" və dahi bəstəkar, musiqişünas, alim, Şərqdə ilk operanın yaradıcısı Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə konsert keçirilib.
Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən konsertdə Ü.Hacıbəylinin "Koroğlu" operasından uvertüra, "Çənlibel", "Leyli və Məcnun" operasından müqəddimə, eyniadlı əsərdən "Bu gələn yara bənzər", "Şəbi-Hicran", "Aşıqsayağı" triosu, "Cəngi", "Arazbari", "Arşın malalan" operattasından müqəddimə, "Sənsiz" romansı Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin müəllimlərindən ibarət ansamblın ifasında səsləndirilib.
Çıxış edənlər Azərbaycan milli musiqisi, Ü.Hacıbəylinin həyat və yaradıcılığı, həmçinin dahi bəstəkarın musiqi mədəniyyətimizə verdiyi töhfələrdən bəhs ediblər.
Qeyd edək ki, dahi bəstəkarın 140 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sərəncam imzalayıb.