
29.10.2025
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin, eləcə də nazirliyin strukturuna daxil olan Aqrar İnnovasiya Mərkəzinin, “Balxurma” MMC-nin dəstəyi, Balakən rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə V Xurma Festivalı həyata keçirilib.
Festivalda təşkilatçı qurumların nümayəndələri, ətraf rayonlardan gələn qonaqlar, xurma istehsalı ilə məşğul olan şəxslər və rayon sakinləri iştirak ediblər.
Tədbir çərçivəsində festival iştirakçıları üçün xurma bağına ekskursiya təşkil olunub, xurma ağacları əkilib.
Festivalın keçirilməsində məqsəd meyvəçiliyin inkişafına təkan vermək, yerli məhsulların xarici bazarlara çıxarılmasını stimullaşdırılması, eyni zamanda milli dəyərlərin, qonaqpərvərliyin və rayonun turizm potensialının genişləndirilməsidir.
Festival çərçivəsində Balakən Rayon Mədəniyyət Mərkəzinin kollektivi, “Cahan” avar xalq kollektivi, “Qubek” və “Fidanlar” rəqs qrupları, “Nənələr” ingiloy və “Ebel” avar folklor qrupları, Bakı şəhərindən dəvət edilən müğənnilərin rəngarəng musiqi nümunələri təqdim edilib.
Festivalda xurmadan hazırlanan kulinariya məhsulları, kənd təsərrüfatı məhsullarının sərgisi nümayiş etdirilib.