Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Şəki şəhərində Yel çərşənbəsi münasibətilə konsert proqramı təşkil olunub

10.03.2026

Mirzə Fətəli Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Narınqala Folklor evinin və Kiş Tarix-Memarlıq Qoruğunun birgə təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər Komitəsinin dəstəyi ilə “Yelin qanadında bahar” adlı konsert proqramı keçirilib.

 

Kiş Tarix-Memarlıq Qoruğunda baş tutan tədbirdə çıxış edənlər Yel çərşənbəsinin fəlsəfəsindən bəhs edərək bildiriblər ki, yel oyananda torpaq nəfəs alır, su canlanır. Tədbirin bədii hissəsində Şəki Fizika-riyaziyyat təmayüllü liseyinin şəhid Elçin Nadirov adına rəqs ansamblının ifasında “Səməni” rəqsi təqdim olunub. Müğənni Yusif Yusiflinin ifasında “Bayram axşamlarında” mahnısı səsləndirilib.

 

Tədbir çərçivəsində qədim Novruz oyunları, yumurta döyüşü və kəndir dartma yarışı təşkil olunub. Milli ənənələri əks etdirən bu oyunlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Konsert proqramı birliyin və həmrəyliyin rəmzi olan yallı rəqsi ilə yekunlaşıb.

 

Sonda iştirakçılar Yel çərşənbəsinin rəmzi olan bayram tonqalının ətrafına toplaşaraq Novruz ənənələrini yaşadıblar.

 

Tədbirin keçirilməsində əsas məqsəd gənc nəslə milli-mənəvi dəyərlərin aşılanması, Novruz bayramının qədim adət-ənənələrinin, xüsusilə Yel çərşənbəsi ilə bağlı ritualların gələcək nəsillərə çatdırılmasıdır.