02.12.2024
IV Şəki Beynəlxalq Teatr Festivalının rəsmi açılış mərasimi olub
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən və dekabrın 1-də açılış mərasimi olan IV Şəki Beynəlxalq Teatr Festivalı Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illiyinə həsr olunub.
Dekabrın 5-dək davam edəcək festivalda ölkəmizin teatrları ilə yanaşı, Qazaxıstan və Özbəkistandan gələn tanınmış teatr kollektivləri də iştirak edirlər.
Festivalın təntənəli açılış mərasimində təşkilatçı qurumların rəsmiləri, tanınmış teatr və incəsənət xadimləri, qonaqlar, həmçinin şəkili teatrsevərlər iştirak ediblər.
Mərasim başlamadan əvvəl festival iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Sonra tədbir iştirakçıları teatrın foyesində Azərbaycan teatrının keçdiyi tarixi yoldan bəhs edən sərgi ilə tanış olublar. Festivalla bağlı mətbuat konfransı keçirilib.
Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, Şəkidə keçirilən teatr festivallarından bəhs edən videoçarx nümayiş etdirilib.
Açılış mərasimində çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov festivalın şəhərin mədəni həyatı üçün çox vacib olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın qədim mədəniyyət və incəsənət mərkəzlərindən biri olan Şəki şəhəri beynəlxalq festivalların, tədbirlərin keçirilməsi üçün unikal bir məkandır.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor, “Şəki teatrı” kitabının müəllifi İlham Rəhimli çıxış edərək, 145 illik tarixi olan Şəki teatrının keçdiyi şərəfli yola qısa nəzər salıb, kollektivin qazandığı uğurlardan danışıb.
Rəsmi açılış mərasimindən sonra Şəki Dövlət Dram Teatrının yaradıcı kollektivi tamaşaçılara görkəmli ingilis dramaturqu Uilyam Şekspirin "Heç nədən hay-küy" romantik komediyası əsasında səhnələşdirilmiş tamaşanı təqdim edib.
Uğurla başa çatan tamaşanın sonunda teatrın yaradıcı kollektivinə Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrın adından xatirə hədiyyələri və təltiflər təqdim olunub.